1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə soyuqluq olmadığını və iki ölkə arasında əlaqələrin əvvəlki kimi davam etdiyini bildirib.
Paşinyan bu barədə oktyabrın 15-də hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, Moskva ilə münasibətlərdə müəyyən fikir ayrılıqlarının mövcudluğunu etiraf etsə də, bunun tərəflərin ünsiyyətdən uzaqlaşması anlamına gəlmədiyini vurğulayıb.
“Ünsiyyətimizdə heç nə dəyişməyib. Müəyyən işgüzar atmosfer və münasibətlər mövcuddur. Diplomatik gündəlikdə bəzi məsələlər olsa belə, biz bir-birimizdən uzaqlaşmırıq və ünsiyyətdən yayınmırıq”, – deyə Ermənistanın baş naziri qeyd edib.
Paşinyan Rusiya ilə münasibətlərin müsbət istiqamətdə davam edəcəyinə əminliyini ifadə edib. O, həmçinin Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı məsələyə toxunaraq, hökumətin qiymət, keyfiyyət və icra müddəti baxımından ən əlverişli təklifi seçməyə çalışdığını bildirib.
Baş nazir vurğulayıb ki, nüvə enerjisi ilə bağlı layihəyə siyasi deyil, iqtisadi və texniki meyarlar əsasında yanaşılmalıdır.