Türkiyə mediasında son günlər Azərbaycana qarşı səsləndirilən ittihamlar iki ölkə arasındakı münasibətlər, təhsil siyasəti və dünyəvilik prinsipləri ətrafında yeni müzakirələrə yol açıb. Məktəblərdə vahid geyim qaydaları ilə bağlı birtərəfli ittihamlardan daha çox, Azərbaycanın qanunvericiliyi, təhsil siyasəti və dünyəvi dövlət prinsipləri nəzərə alınmalıdır.
Son hadisələr fonunda Türkiyənin ayrı-ayrı siyasi dairələrinin və media nümayəndələrinin Azərbaycanla bağlı tənqidləri də müzakirələrin əsas mövzularından birinə çevrilib. Ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışan, insan hüquqlarının pozulduğunu iddia edən bəzi xarici siyasi dairələrin və media nümayəndələrinin yanaşması bir sıra suallar doğurur.
Maraqlıdır ki, Azərbaycanda insan hüquqlarının vəziyyətindən danışan bəzi dairələr öz ölkələrindəki problemlərə münasibətdə eyni həssaslığı nümayiş etdirirlərmi?
Axı insan hüquqları yalnız siyasi müzakirələr zamanı yada salınan mövzu deyil. Bu anlayış qadınların yaşamaq hüququnu, onların zorakılıqdan qorunmasını, uşaqların təhlükəsizliyini və hər bir insanın ləyaqətinin müdafiəsini də əhatə edir.
Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi dövründə qadın haqları, məişət zorakılığı və qadın qətlləri (femicid) ilə bağlı yaranmış mənzərə beynəlxalq hesabatlarda və rəsmi statistikada kəskin tənqid olunur.
Öz ölkəsində qadınların yaşamaq hüququnu qorumaqda dərin sistem böhranı yaşayan bir iqtidarın, Azərbaycandakı dünyəvi məktəbli forması nizamnaməsini “qız uşaqlarının hüquqları” bəhanəsi ilə hədəf alması həm siyasi, həm də hüquqi müstəvidə riyakarlıq nümunəsidir.
İnsan hüquqları müdafiəçilərinin hesabatlarına görə, AKP-nin hakimiyyətdə olduğu illər ərzində Türkiyədə 7000-dən çox qadın məhz cinsiyyətinə görə (ər, keçmiş ər, sevgili və ya ailə üzvü olan kişilər tərəfindən) qətlə yetirilib.
Elə bu ilin özündə - 2026-cı ilin ilk yarısında Türkiyədə ən azı 201 qadın kişi zorakılığının qurbanı olub. Sentyabr ayında isə daha 28 qadın qətlə yetirilib.
AKP hökumətinin qadın hüquqlarına vurduğu ən böyük zərbə, Türkiyənin 2011-ci ildə ilk imzalayan ölkə olduğu İstanbul Konvensiyasından (Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması haqqında Avropa Şurası Müqaviləsi) 2021-ci ilin martında Prezident Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə birdəfəlik çıxması olub.
AKP-nin radikal islamçı müttəfiqləri və mühafizəkar seçici kütləsi iddia edirdi ki, bu müqavilə “ənənəvi türk ailə dəyərlərini pozur”.
Türkiyənin konvensiyadan çıxması cinayətkarlara dövlət tərəfindən verilən bir “tolerantlıq siqnalı” rolunu oynayıb. Konvensiyadan çıxdıqdan sonra Türkiyədə qadın cinayətlərinin sayında illik orta hesabla 65 əlavə qətl artımı qeydə alınıb. Həmçinin, cinayəti gizlətmək üçün pəncərədən-balkondan atılaraq “şübhəli ölüm” (yüksəklikdən düşmə) kimi qeyd edilən qadın ölümlərinin sayı rekord həddə çatıb.
Türkiyədə qadın hərəkatlarının dövləti ittiham etdiyi əsas məqam qanunların kağız üzərində qalması və tətbiq olunmamasıdır.
Öldürülən qadınların böyük əksəriyyətinin polisə müraciət etdiyi, məhkəmədən qoruma qərarı (Uzaklaştırma kararı) aldığı, lakin polisin mühafizəni təmin etmədiyi üçün qətlə yetirildiyi sübut olunub.
Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi zorakılıq araşdırmasına görə, Türkiyədə partnyoru tərəfindən şiddətə məruz qalan qadınların 47.7%-i başına gələnləri qorxudan və ya dövlətə güvənmədiyindən heç kimə danışmır. Bu, rəsmi rəqəmlərin buzdağının yalnız görünən tərəfi olduğunu göstərir.
Öz ölkəsində qadınların ən fundamental hüququnu – yaşamaq hüququnu qorumaqla bağlı ciddi problemlərlə üzləşən, qadınları zorakılıqdan müdafiə etməyə yönəlmiş beynəlxalq konvensiyadan çıxan siyasi hakimiyyətin söhbət Azərbaycana gəldikdə birdən-birə insan hüquqlarının müdafiəçisi rolunda çıxış etməsi ciddi suallar doğurur.
Qadınların qətlə yetirildiyi, məişət zorakılığının cəmiyyət üçün aktual problem olaraq qaldığı bir ölkədə insan hüquqları məsələsinə münasibət nə üçün başqa dövlətlərə irad bildiriləndə daha həssas görünür? İnsan hüquqları siyasi maraqlara uyğun olaraq istifadə edilən ritorika deyil. Bu dəyərləri müdafiə etdiyini iddia edənlər ilk növbədə öz ölkələrindəki problemlərə də eyni prinsipiallıqla yanaşmalıdırlar.
Türkiyədə 12-13 yaşlı qız uşaqlarının dini təriqətlərin təhsil kurslarına məcburi cəlb edilməsinə, erkən nikahlara göz yuman rəsmilər Azərbaycanda bütün uşaqların (statusundan və ailəsinin dini baxışından asılı olmayaraq) bərabər, dünyəvi və müasir təhsil almasını təmin edən “vahid məktəbli forması” qərarını “zülm” kimi qələmə verirlər.
Statistika sübut edir ki, bu gün AKP idarəçiliyindəki Türkiyə qadın hüquqları mövzusunda hər hansı bir modern, dünyəvi dövlətə, o cümlədən, Azərbaycana dərs keçə biləcək ən sonuncu ölkələrdən biridir.
Nigar Süleyman