Вернуться назад Распечатать

Ağ Evdə ilk brifinq tənqid olundu

1xeber.media xəbər verir ki, Ağ Evin yeni mətbuat katibi Keti Zakariya ilk mətbuat brifinqinin qısa və uğursuz alınmasını hazırlıq üçün vaxtının az olması ilə izah edib.
O, oktyabrın 15-də “Fox News” telekanalına müsahibəsində bildirib ki, vəzifəyə başlaması ilə ilk brifinq arasında səkkiz saatdan da az vaxt olub.
Zakariyanın sözlərinə görə, ona işə bazar ertəsi başlamaq təklif edilib. Həmin gün ABŞ-da Kolumb Günü ilə əlaqədar federal tətil olub. Növbəti gün səhər saat 09:30-da isə o, jurnalistlər qarşısına çıxıb.
Yeni mətbuat katibinin ilk brifinqi təxminən 14 dəqiqə davam edib. Bu müddətdə cəmi üç jurnalistin suallarına cavab verilib. Qısa çəkən tədbir ictimaiyyətin tənqidinə səbəb olub.
Zakariya isə çıxışının Ağ Ev administrasiyasına mühüm kadr qərarı barədə məlumat vermək imkanı yaratdığını bildirib. Söhbət ABŞ Prezidenti Donald Trampın Yunanıstandakı səfir Kimberli Gilfoyldan vəzifəsini tərk etməsini istəməsindən gedib.
Bununla yanaşı, Zakariyanın hüquqi ixtisası ilə bağlı da suallar yaranıb. Müsahibə zamanı o, peşəkar titulundan istifadə etməsi ilə bağlı iradlara cavab verib və ABŞ-da vəkillik lisenziyası almaq üçün ilk imtahan cəhdinin uğursuzluqla nəticələnməsindən sonra imtahanı yenidən vermədiyini etiraf edib.