Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri seçilən Vüqar Zifər oğlu Əliyev (Zifəroğlu) 12 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1985–1995-ci illərdə Osman Mirzəyev adına 190 saylı orta məktəbdə təhsil alıb.
1xeber.media yeni sədrin dosyesini təqdim edir:
Ali təhsili və elmi fəaliyyəti
Vüqar Zifəroğlu 1995-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 2001-ci ildə beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini bitirib. O, 2005-ci ildə "Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru adını qazanıb.
Əmək və ictimai fəaliyyəti
Yeni sədr 2001-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində pedaqoji fəaliyyətlə məşğuldur və 2017-ci ildən həmin fakültənin dekanı vəzifəsini icra edir. O, həmçinin uzun illərdir Mətbuat Şurasının İdarə Heyətinin üzvü və sədr müavini, eləcə də Medianın İnkişafı Agentliyinin (MEDİA) Müşahidə Şurasının üzvü kimi ictimai vəzifələri yerinə yetirir. Analitik jurnalist kimi "Crossmedia.az" portalının rəhbəridir.
Dövlət təltifləri
Azərbaycan mediasının inkişafındakı və jurnalist kadrların yetişdirilməsindəki xidmətlərinə görə Vüqar Zifəroğlu 2020-ci ildə ölkə başçısının sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb. O, həmçinin "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.