Вернуться назад Распечатать

Azərbaycan Avrasiyada sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edir

 

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi
imkanlarla deyil, eyni zamanda qlobal proseslərə təsir göstərmək, milli maraqları qorumaq və
müxtəlif ölkələr arasında etibarlı əməkdaşlıq qurmaq bacarığı ilə ölçülür. Azərbaycanın xarici
siyasəti bu prinsiplərə əsaslanaraq regional və beynəlxalq miqyasda fəal mövqe nümayiş
etdirir. Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə vurğuladığı fikirlər ölkəmizin beynəlxalq
münasibətlərə yanaşmasını və gələcək əməkdaşlıq prioritetlərini ifadə edir.
Azərbaycanın coğrafi mövqeyi ölkəmizə Avropa ilə Asiya arasında əlaqələrin
möhkəmləndirilməsində xüsusi imkanlar yaradır. Şərqlə Qərb arasında nəqliyyat və logistika
əlaqələrinin genişlənməsi, ticarət marşrutlarının şaxələndirilməsi, rəqəmsal bağlantıların
inkişafı bu imkanların praktiki nəticələrə çevrilməsinə şərait yaradır. Azərbaycan yalnız tranzit
ölkə kimi deyil, həm də müxtəlif tərəfdaşları ortaq maraqlar ətrafında birləşdirən etibarlı
tərəfdaş kimi çıxış edir.
Prezident İlham Əliyev çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə münasibət
bildirib. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə
hörmət beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir. Lakin təcrübə göstərir ki, bəzi
hallarda bu prinsiplərə münasibətdə ikili standartlar tətbiq edilir. Belə yanaşma beynəlxalq
hüququn nüfuzuna xələl gətirməklə yanaşı, münaqişələrin həllini də çətinləşdirir.
Azərbaycanın üzləşdiyi işğal problemi bu baxımdan ciddi nümunədir. Uzun illər ərzində
ölkəmizin ərazilərinin bir hissəsinin işğal altında qalması, yüz minlərlə insanın doğma
yurdlarından didərgin düşməsi beynəlxalq ictimaiyyətin prinsipial və ardıcıl mövqeyinə ehtiyac
olduğunu göstərirdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin uzun müddət icra
edilməməsi beynəlxalq mexanizmlərin səmərəliliyi ilə bağlı suallar yaratmışdı.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn
əsas prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. 2020-ci ildə Vətən müharibəsində
qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ölkəmizin
suverenliyinin bütün ərazilərində təmin olunması ilə nəticələndi. Bu mərhələ Azərbaycanın
müasir tarixində yeni siyasi reallıqlar yaratdı və regionda uzunmüddətli sülhün qurulması üçün
imkanlar yaratdı.
Hazırda Azərbaycanın əsas məqsədlərindən biri müharibədən sonrakı reallıqları
dayanıqlı sülhə çevirməkdir. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşdırılması, sülh
müqaviləsinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində mövqeyini
ortaya qoyub. Bu prosesdə qarşılıqlı suverenliyə hörmət, ərazi iddialarından imtina və əldə
olunan razılaşmaların icrası xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazda sabitliyin
möhkəmlənməsi təkcə region dövlətlərinin deyil, daha geniş coğrafiyanın iqtisadi və nəqliyyat
əlaqələri üçün də faydalı nəticələr verəcəkdir.
AQEM çərçivəsində əməkdaşlıq isə bu yanaşmanın daha geniş beynəlxalq müstəvidə
inkişafına xidmət edir. Azərbaycanın təşkilata ikiillik sədrliyi dövründə qurumun institusional
imkanlarının gücləndirilməsi, hüquqi əsaslarının möhkəmləndirilməsi və əməkdaşlıq
istiqamətlərinin genişləndirilməsi diqqət mərkəzində olub. Nəqliyyat, rəqəmsallaşma, ətraf
mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində birgə fəaliyyət üçün yeni imkanların
yaranması təşkilatın praktik rolunu artırır. Bu istiqamətlər üzrə əməkdaşlıq Asiya ölkələri
arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və ortaq
problemlərin birgə həllinə töhfə verəcəkdir. Xüsusilə qlobal iqtisadi əlaqələrin dəyişdiyi,
nəqliyyat marşrutlarının və təchizat zəncirlərinin yenidən formalaşdığı bir dövrdə regional
platformaların fəallığı daha çox aktuallıq qazanır. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat
infrastrukturu və beynəlxalq tərəfdaşlarla qurduğu əlaqələr bu proseslərdə ölkəmizin rolunu
artırır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi
müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar,
rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı
fəal şəkildə təşviq etmişdir: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif
təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür.
Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və

qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün
imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.
Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündəki çıxışı Azərbaycanın xarici
siyasətində ardıcıllığın və prinsipiallığın qorunduğunun göstəricisidir. Ölkəmiz bir tərəfdən
beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsini vacib sayır, digər tərəfdən dialoq,
qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsinə çalışır. Bu
yanaşma milli maraqların qorunması ilə beynəlxalq tərəfdaşlığın inkişafını uzlaşdırır.
Nəticə etibarilə, Azərbaycanın AQEM çərçivəsində fəaliyyəti yalnız təşkilata sədrliyin
icrası ilə məhdudlaşmır. Bu fəaliyyət ölkəmizin Asiya məkanında əlaqələrinin genişlənməsinə,
Avropa ilə Asiya arasında əməkdaşlıq imkanlarının artırılmasına və beynəlxalq dialoqun
güclənməsinə xidmət edir. Azərbaycanın sülhə, suverenliyə və qarşılıqlı faydalı tərəfdaşlığa
əsaslanan siyasəti regionda sabitliyin möhkəmlənməsi ilə yanaşı, daha geniş beynəlxalq
əməkdaşlıq üçün də əlverişli zəmin yaradır.
Faiq Hüseynov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin
sədri