Вернуться назад Распечатать

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul
tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17
oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd
etdiyim sərəncamına uyğun olaraq bundan sonra 17  oktyabrı Füzuli şəhəri günü kimi qeyd edəcəyik.
Məhz 17 oktyabr 2020-ci il tarixində cənab Prezident xalqa müraciətində xalqımızı təbrik edərək Füzuli
şəhərinin erməni işğalçlarından azad edilməsi müjdəsini vermişdir.  Həmin vaxt çıxışında cənab
Prezident bildirmişdir ki, bu gün tarixi bir gündür, on yeddi oktyabr nəinki füzulililərin xatirəsində,
Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Budur, biz artıq 17 oktyabr tarixini  Füzuli şəhəri günü
kimi qeyd edirik.
1386 km² ərazisi olan  Füzuli rayonu işğaldan öncə 140 min nəfərdən çox əhalisi ilə ölkəmizin
ən qədim yaşayış məntəqələrindən biri idi. Bu rayonumuz əvvəllər Qaryagin adlandırılmışdır. 1959-cu
ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin
rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli şəhəri və rayonun böyük hissəsi 23
avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı
qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili olmuş, 663 nəfər şəhid
olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
1994-cü ilin yanvar ayında, atəşkəsə dair Bişkek protokolu imzalanmamışdan əvvəl, Ulu
Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli
rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuş, o cümlədən, Horadiz qəsəbəsi də həmin vaxt
düşməndən azad edilmişdir.
Vətən Müharibəsi zamanı isə Füzuli əməliyyatı Azərbaycan Ordusunun  cənub-şərq cəbhəsində
apardığı ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Füzuli uğrunda aparılmış döyüşlər həm də
müharibənin ən ağır döyüşlərindən idi. 30 il ərzində düşmən  təmas xəttində möhkəm istehkamlar
qurmuşdur. Normal şəraitdə 30 il ərzində qurulmuş müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay
vaxt lazımdır. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin
başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini
də düşmən işğalından azad etdi. Füzulinin azad edilməsi bizə həm mənəvi güc, həm də strateji
üstünlük qazandırmışdır.
Füzuli əməliyyatındakı bu qələbələr təəssüf ki, itkisiz başa gəlməmişdir. Onlarla hərbçimiz Füzuli
uğrunda gedən döyüşlərdə həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidlərimizin  xatirələrini
böyük ehtiramla anırıq.  Şəhidlərimizə və qazilərimizə göstərilmiş ən böyük diqqət onların dövlət
səviyyəsində təltif edilməsi olmuşdur. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə”
medalı təsis edilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad
edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad
olunmasına görə” medalı ilə təltif olunmuşdur. 2023-cü il isə 27 sentyabr-Anım Günündə cənab
Prezident Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin şərəfinə ucadılmış xatirə lövhəsinin
açılışını etmişdir.
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş
rayonumuzdur. Rayonda yüz mindən çox mina basdırılmış və erməni təxribatı nəticəsində mülki
əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəymişdir. Əlbəttə, biz bu ziyanın
qiymətləndirilməsi və erməni vandalizminə laızmi hüquqi qiymət verilməsi üçün bütün işləri görəcəyik.
Digər işğaldan azad olunmuş rayonlarımıza olduğu kimi, cənab Prezident Füzulinin  bərpa və
yenidənqurmasına  böyük diqqət və qayğı göstərir. Rayon işğaldan azad olunduqdan sonra cənab
Prezident rayona 14 dəfədən çox səfər etmiş, şəhərin  Baş planı təsdiq olunmuş, rayonda çoxsaylı
avtomobil yollarının, xəstəxananın, Peşə Liseyinin, “Ağıllı kənd” və çox mənzilli yaşayış məhəlləsinin və
digər obyektlərin təməli qoyulmuşdur. “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava
Limanı isə Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırmışdır.
Füzulinin bərpasından danışarkən qardaş ölkələrin dəstəyini xüsusi qeyd etməliyik. Füzuli
Beynəlxalq Hava Limanının açılışında  Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın  sevincimizi
bizimlə bölüşməsi,  Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə
Füzulidə məktəb inşa olunması, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli
şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması türk
xalqları arasında dostluğun və qardaş dəstəyinin rəmzidir.
Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı