Вернуться назад Распечатать

Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar

17 oktyabr Füzuli Şəhəri Günüdür. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş
ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı tarixi Zəfərimizin
əbədiləşdirilməsinə xidmət edən mühüm addımları sırasındadır. Füzuli şəhəri rəşadətli Ordumuzun 44
gündə azad etdiyi  5 şəhərdən biridir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il   Füzuli şəhərinin azad
edilməsinin birinci ildönümündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə  “Füzuliyə xoş
gəlmisiniz” müraciətini böyük qürur hissi ilə ifadə edərək bildirmişdir ki,  17 oktyabr günü Azərbaycan
xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq: “Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz
Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə
Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa
etdik. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq
göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti
bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.” Bu fikirlərin davamı olaraq o da bildirildi ki,
Füzuliyə həyat qayıdır və qayıdacaq. Bu işləri görmək üçün uzun illər göstərilən səylər göz önündədir.
Uzun illər həm torpaqlarımızı azad etmək üçün diplomatik mübarizədə qələbəmizi təmin etdik,
 ordumuzu gücləndirdik,  həm də postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait
yaratdıq.  Ölkəmizin iqtisadi qüdrətini artırmaq üçün atılan addımlar davamlı xarakter aldı. Dövrün
tələblərinə uyğun həyata keçirilən islahatlar bütün sahələrdə inkişafı sürətləndirdi. Yeni texnologiyaların
tətbiqi, kadr potensialının yaradılması prioritet məsələ kimi öndə oldu. Azərbaycan dünya hərb tarixində
istisna olaraq  müharibədən sonra dərhal bərpa və quruculuq işlərinə başladı. Azad edilmiş
ərazilərimizdə bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Bu gün Füzulinin timsalında
işğaldan azad edilmiş digər ərazilərimizdə də görülən işlərin aydın mənzərəsini yaratmaq mümkündür.
Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası
istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti  18 mart
2023-cü ildə  “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət
başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya
və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir. Füzulidə
nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-
Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident
İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci ildə
 Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu.  Ən müasir tələblərə cavab verən Füzuli  Beynəlxalq
Hava Limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini
göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya
yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər
edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin
daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında
müstəsna rol oynayacaq.
Bu gün bütün azad edilmiş ərazilərimizdə, o cümlədən Füzulidə dağıntılar müasir tələblərə
cavab verən yeni tikililərlə  əvəzlənir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu şaddır. Hazırda
işğaldan azad edilmiş bütün torpaqlarımızda  Azərbaycan Bayrağı dalğalanır. Dövlət başçısı İlham
Əliyev 2023-cü il oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!”
deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə
görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi.
Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür” söyləyərək bu reallığı da böyük qürur hissi ilə qeyd
etmişdir ki, yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə,
xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq
və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək,
ancaq bu, müvəqqəti yaşayış yeridir: “Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda,
Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha
gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz
oxşayır”.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru