Вернуться назад Распечатать

Apteklərdə bəzi uşaq dərmanlarının və mövsümi preparatların tapılmaması nə ilə əlaqədardır?

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı əhali arasında mövsümi qrip və kəskin respirator infeksiyaların artması apteklərdə bəzi dərman preparatlarının qıtlığı problemini yenidən gündəmə gətirib.

1xeber.media xəbər verir ki,çoxsaylı valideynlər bəzi xarici istehsal olan uşaq siroplarını, antibiotikləri və temperatur salan bəzi tanınmış dərmanları tapmaq üçün paytaxtın müxtəlif apteklərini gəzmək məcburiyyətində qaldıqlarını bildirirlər. Valideynlərin sözlərinə görə, bəzi apteklərdə həkimlərin yazdığı konkret bəzi preparatların olmadığı bildirilir və əvəzində yerli və ya fərqli tərkibli alternativlər təklif olunur.
Əczaçılar isə bu vəziyyəti mövsümi tələbatın birdən-birə kəskin artması və xaricdən idxal olunan bəzi dərmanların logistik sənədləşmə müddətinin uzanması ilə əlaqələndirirlər. Səhiyyə ekspertləri qeyd edirlər ki, ölkədə dərman təhlükəsizliyinin tam təmin edilməsi və süni qıtlıq iddialarının qarşısının alınması üçün apteklər şəbəkəsində monitorinqlərin gücləndirilməsi vacibdir. Vətəndaşlar isə mövsümün pik vaxtlarında dərman axtarışında vaxt itirməmək üçün vahid elektron baza vasitəsilə preparatların hansı aptekdə olduğunu əvvəlcədən görmək imkanının genişləndirilməsini istəyirlər.