Bakıda “20 Yanvar” metrostansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-də yayımlanan “Xəbərimiz var” verilişində bildirib.
Onun sözlərinə görə, hazırda Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobuslar “20 Yanvar” dairəsi istiqamətində Həsən bəy Zərdabi prospektindən istifadə edir. Bu səbəbdən nəqliyyat vasitələrinin dönməsində çətinlik yaranır.
Aparılan təhlillərə əsasən, gələcəkdə həmin istiqamətdən “20 Yanvar” dairəsinə birbaşa avtobus yolunun təşkil edilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər aparılır.
Qeyd edək ki, həmin ərazidən təxminən 6 müntəzəm marşrut keçir.