Вернуться назад Распечатать

Astronomlar insan gözünün yaşıl rəngdə qəbul etdiyi ulduz aşkar ediblər

1xeber.media xəbər verir ki, bu barədə CNN “RAS Techniques and Instruments” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Söhbət Günəşə bənzər ulduzun sıx qalıq nüvəsi olan ağ cırtdandan gedir. Alimlər obyektin rəngini spektral məlumatlar əsasında müəyyən ediblər, çünki ulduzu Yerdən birbaşa görmək mümkün deyil.

Tədqiqatçılar Yerdən 65 işıq ili məsafəsində yerləşən 151 ağ cırtdanı araşdırıblar. Onlardan birinin yaşıl çalara sahib olduğu müəyyənləşdirilib. Alimlər bu rəngi ulduzun atmosferində kalsium, natrium və litiumun olması ilə əlaqələndirirlər.

Araşdırmaya görə, ağ cırtdanların qeyri-adi rəngləri heliumun atmosferdəki digər elementlərlə qarşılıqlı təsiri nəticəsində yaranır. Tədqiqatçılar karbon molekullarının yüksək konsentrasiyasına görə çəhrayı görünən başqa bir ağ cırtdan da müəyyən ediblər.

Uorvik Universitetinin astrofiziki Mark Hollandsın fikrincə, yeni müşahidələr spektral məlumatları mövcud olan ağ cırtdanların sayını təxminən 10 dəfə artıra bilər. Bu isə qeyri-adi rənglərə malik digər ulduzların aşkar edilməsinə imkan verə bilər.