Вернуться назад Распечатать

Hakan Fidanın GYF-də görüşünün - Pərdəarxası

Türkiyə xarici işlər naziri Hakan Fidan Bakıya səfəri zamanı Gəncliyə Yardım Fondunda (GYF) görüş keçirib. 

1xeber.media xəbər verir ki, görüş zamanı Fidanın müəyyən təlimatlar verdiyinə dair məlumatlar var. Türkiyədən Azərbaycana informasiya hücumlarının edildiyi vaxt belə bir görüşün keçirilməsi və gənclərin təlimatlandırılması şübhələrə yol açır.

Çünki GYF xeyriyyə cəmiyyəti olaraq fəaliyyət göstərsə də, fondun Türkiyə kəşfiyyatına bağlı olduğu və məqsədinin verilən təlimatlara əsasən “yumşaq güc” formalaşdırmaq, “nüfuz agentləri” yetişdirmək və məlumatlar toplamaq olduğu sirr deyil. 1994-cü ildə yaradılan fond hazırda Türkiyənin xaricdə fəaliyyət göstərən digər QHT-ləri kimi AKP-nin nurçu-islamçı ideologiyasının yayılmasına xidmət edir. Hakan Fidanın 2025-ci ildə Türkiyə Böyük Millət Məclisinin sədrinə göndərdiyi məktub bunu deməyə əsas verən faktlardandır. 

Mediaya sızan 17 iyul 2025-ci il tarixli məktubda xaricdə humanitar yardım kampaniyaları həyata keçirən Türkiyə QHT-lərinin dövlət tərəfindən yaxından izlənildiyi və fəaliyyətlərinin əlaqələndirildiyi bildirilir. Məktubda qeyd olunur ki, Türkiyənin səfirlik və konsulluqlarına bu təşkilatlarla koordinasiyalı işləmək tapşırılır. Bu məqsədlə Türkiyə XİN bu təşkilatlarla müntəzəm görüşlər keçirir, onların xaricdəki fəaliyyətlərinin istiqamətləndirilməsi və hansı məsələlərə üstünlük verilməsi barədə təlimatlandırır.

H.Fidan məktubda bunu açıq şəkildə yazır: “Nazirliyimiz digər dövlət qurumlarının iştirakı ilə xaricdə fəaliyyət göstərən QHT-lərlə görüşlər keçirir, onlarla fəaliyyət göstərdikləri ölkələrdə nəzərə alınmalı məsələlərlə bağlı müxtəlif məlumat mübadiləsi aparılır”. 

Bu görüşlərdə iştirak edən qurumlardan biri də Türkiyə Milli İstihbarat Təşkilatıdır (MİT). Məlumatlara görə, MİT müxtəlif ölkələrdə xeyriyyəçilik adı altında fəaliyyət göstərən təşkilatlara öz əməkdaşlarını yerləşdirir, humanitar fəaliyyətlərdən də məlumat mənbələri yaratmaq, yerli vətəndaşları əməkdaşlığa cəlb etmək, ümumilikdə kəşfiyyat məlumatları toplamaq məqsədilə istifadə edir.

Fidanın məktubundakı qeydlər bunu təsdiq edən fakt kimi qiymətləndirilə bilər. Məktubda vurğulanır ki, Xarici İşlər Nazirliyi özünün kəşfiyyat bölməsi olan Kəşfiyyat və Təhlükəsizlik İşləri Baş İdarəsi (İstihbarat ve Güvenlik İşleri Genel Müdürlüğü) vasitəsilə xaricdəki təşkilatlara necə fəaliyyət göstərmələri barədə təlimatlar hazırlayır.

Bu məktub Türkiyə hakimiyyətinin QHT-lərin humanitar yardım və xeyriyyə işlərini siyasi təsir alətinə çevirdiyini üzə çıxarır. Bura Türkiyənin “yumşaq gücü”nün formalaşdırılması ilə yanaşı, kəşfiyyat məlumatlarının toplanması və bir çox hallarda xaosla nəticələnən müdaxilə əməliyyatlarının keçirilməsi də daxildir.

MİT-in 123 ölkədə fəaliyyət göstərən İnsan Haqları və Humanitar Yardım Fondundan (İnsan Hak ve Hürriyetleri ve İnsani Yardım Vakfı - İHH), eləcə də bu kimi humanitar təşkilatlardan kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi məqsədilə istifadə etdiyinə dair məlumatlar var. İHH-nin əsas missiyasının Suriya və Liviyada humanitar yardım adı altında islamçı qüvvələrin təşkilatlanması olduğu deyilir. Həmçinin Əfqanıstan, Somali, Fələstin, Pakistan, Yəmən, Sudan, Niger və Banqladeş kimi ölkələrdə də belə missiyaları yerinə yetirir.

Belə təşkilatlar arasında əsasən Afrika və Asiyada “xeyriyyəçilik, təhsil və humanitar” ad altında nurçu-islamçı AKP-nin ideoloji müdaxilələrini həyata keçirən, kəşfiyyat məlumatlarının toplanmasında iştirak edən Əziz Mahmud Hüdayi Fondunun da adı çəkilir. Fondun qarşısına qoyulan əsas missiyalardan biri Afrikada siyasi islamçı ideologiyaya bağlı nəslin yetişdirilməsidir.

Hakan Fidanın mediaya sızan məktubu və yayılan məlumatlar Türkiyəyə bağlı təşkilatların kəşfiyyat əməliyyatlarında və fəaliyyət göstərdikləri ölkələrin daxili işlərinə müdaxilə planlarında yer aldığını deməyə əsas verir. Bu müdaxilələr bir çox hallarda xaosla nəticələnir. Yaxın Şərq və Afrikanın bir çox ölkəsində baş verən dövlət çevrilişlərində Türkiyənin iştirakına dair məlumatlar belə nümunələrdəndir. Sudanda hələ də davam edən vətəndaş müharibəsində Türkiyənin bu ölkənin hərbi qüvvələrinə verdiyi dəstəyin ciddi rolu var. Digər tərəfdən Türkiyə kəşfiyyatına bağlı İHH humanitar yardımlar adı altında Sudanda təşkilatlanma və siyasi islamçı ideologiyanın yayılması işini həyata keçirir.

Azərbaycan da Türkiyəyə bağlı təşkilatların ölkədə çevriliş etmək və xaos yaratmaq cəhdləri ilə üzləşib. 1995-ci ildə Azərbaycanda dövlət çevrilişi planında iştirak edən Fərman Dəmirkol TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) əməkdaşı idi. Bu, Azərbaycanda Türkiyəyə bağlı humanitar təşkilatların dövlət çevrilişi və xaosun yaradılması planlarında yer aldığını ispatlayan hadisə olaraq tarixə keçib. Eyni fəaliyyətlərin bu gün də davam etdiyi, Türkiyəyə məxsus təşkilatların nurçu-islamçı AKP-nin ideoloji və kəşfiyyat müdaxilələrində yer aldığı istisna edilməməlidir. Keçmiş təcrübə və Türkiyə təşkilatlarının Yaxın Şərq, Afrika və Asiyada humanitar fəaliyyət adı altında həyata keçirdikləri missiyalar diqqəti bura yönəldir. Faktlar eyni zamanda, Hakan Fidanın Bakıdakı görüşdə Azərbaycanla bağlı bu kimi təlimatlar verdiyinə dair ehtimalları ön plana çıxarır.

Bütün bunlar bir zərurəti yaradır: Azərbaycan GYF də daxil olmaqla, Türkiyəyə bağlı təşkilatların fəaliyyətini yenidən nəzərdən keçirməlidir.qafqazinfo