Bakıda “Atəşgah” ərazisində yerləşən restoranda xarici turistlərə sifariş etdikləri yeməklərin qiymətindən artıq hesab təqdim edildiyi iddia olunub.
1xeber.media xəbər verir ki, turistlərin sözlərinə görə, menyudakı qiymətlərə əsasən sifarişin ümumi məbləği 108 manat olub. Onlara isə əvvəlcə 180 manatlıq hesab təqdim edilib. Etirazdan sonra hesab bir neçə dəfə dəyişdirilərək 160 və 130 manata endirilib.
Turistlər sifariş etdikləri menyunu tələb edib hesablamanı özləri aparıblar və nəticədə ödənilməli məbləğin 108 manat olduğunu müəyyənləşdiriblər.
Restoran rəhbərliyi isə məsələ ilə bağlı bildirib ki, hesab səhvən təqdim edilib. Onların açıqlamasına görə, eyni nömrəli iki masanın hesabları qarışdırılıb və turistlərə yanlış hesab verilib. Restoran səhvə görə üzr istəyib və əlavə endirim tətbiq edib.