Вернуться назад Распечатать

REKORD STATİSTİKA- Rayon iqtisadiyyatı 4 dəfə böyüyüb

 Bu gün Azərbaycanın dilbər guşələrindən olan Füzuli şəhərinin və ətraf kəndlərinin erməni işğalından azad edilməsindən tam 6 il ötür. Dövlət başçısı İlham Əliyevin rəsmi Sərəncamı ilə 17 oktyabr tarixi ölkəmizdə həm də Füzuli Şəhəri Günü kimi qürurla qeyd olunur. Tarixi zəfərdən keçən altı il ərzində tamamilə dağıdılmış rayon böyük dirçəliş və iqtisadi sıçrayış dövrünə qədəm qoyub.
1xeber.media xəbər verir ki, millət vəkili Vüqar Bayramov Füzulinin işğaldan sonrakı misilsiz inkişaf tempini göstərən mühüm iqtisadi rəqəmləri açıqlayıb.
Deputatın sözlərinə görə, qısa müddətdə müasir Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Füzulini Qarabağın əsas logistik mərkəzinə və hava qapısına çevirib. Aparılan irimiqyaslı bərpa işləri nəticəsində rayonda ümumi məhsul istehsalının həcmi 2020-ci ildəki 191,9 milyon manatdan hazırda 800 milyon manata çatdırılıb. Bu isə o deməkdir ki, Füzuli iqtisadiyyatı cəmi 6 il ərzində təxminən 4 dəfə böyüyüb.
İqtisadiyyatın digər strateji sahələrində də ciddi artımlar qeydə alınıb:
Sənaye məhsulları istehsalı: 18,2 milyon manatdan 50 milyon manata yaxınlaşıb.
Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq: 87,9 milyon manatdan 146,9 milyon manata yüksəlib.
Tikinti sektoru: Aparılan yenidənqurma layihələri sayəsində bu sahədə 8 dəfədən çox artım qeydə alınıb və hazırda formalaşan dəyər 550 milyon manat təşkil edir.
Vüqar Bayramov vurğulayıb ki, gələcək Zəngəzur dəhlizinin başlanğıcında yerləşən Füzuli yaxın gələcəkdə regionun ən nəhəng nəqliyyat-logistika qovşağı olacaq. Bu isə minlərlə yeni iş yerinin açılması deməkdir. Hazırda yenidən qurulan müasir Füzuli şəhərində 3 100-dən çox sakin daimi və firavan məskunlaşıb. Şəhərin təsdiq olunmuş Baş Planına əsasən, 2040-cı ilədək Füzuli əhalisinin sayının 50 min nəfərə çatdırılması və Qarabağın ən böyük şəhərlərindən birinə çevrilməsi nəzərdə tutulur.