Tibbi təhsili olmayan şəxslərə qısa müddətdə stomatoloq olmağı vəd edən kurslarla bağlı narazılıq yaranıb.
1xeber.media xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, “Alfa Woman Academy”də stomatologiya kursunun qiyməti 4 min manatdan 2 min manata endirilib. Kursda diş müalicəsi və stomatoloji prosedurların öyrədildiyi, praktiki məşğələlərin isə real xəstələr üzərində keçirildiyi bildirilir.
Diqqətçəkən məqam odur ki, tibbi təhsili olmayan şəxslərə kursu başa vurduqdan sonra stomatoloq kimi fəaliyyət göstərə biləcəkləri vəd edilir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, özəl tibb və əczaçılıq fəaliyyəti göstərən müəssisələrə qanunvericilik çərçivəsində nəzarət həyata keçirilir. Təlim kurslarının fəaliyyəti və onların verdiyi sertifikatların akkreditasiyası isə AEM-in səlahiyyətlərinə aid deyil.
Qurumun açıqlamasına görə, tibbi təhsili və müvafiq sertifikasiyası olmayan şəxsin stomatoloji xidmət göstərməsi qanunvericiliyə ziddir. Belə şəxslərin real xəstələr üzərində praktiki fəaliyyət göstərməsi və stomatoloq kimi işləmələrinin vəd edilməsi ilə bağlı faktlar təsdiqlənərsə, müvafiq yoxlama aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.