Azərbaycanda məktəbəqədər hazırlığın məcburi olması təklif edilir.
1xeber.media xəbər verir ki, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli məktəbəqədər hazırlıq qruplarının könüllü olmasının birinci sinfə başlayan uşaqlar arasında bilik, sosial və emosional bacarıqlar baxımından fərqlər yaratdığını bildirib.
Onun sözlərinə görə, məktəbəqədər hazırlıqdan keçməyən uşaqlar məktəbə uyğunlaşma, oxu-yazı və məntiqi düşünmə bacarıqlarının formalaşması baxımından həmyaşıdlarından geri qala bilirlər. Bu vəziyyət sonrakı tədris prosesində müəllimlər üçün də əlavə çətinlik yaradır.
Əmrah Həsənli hesab edir ki, məktəbəqədər hazırlığın məcburi olması bütün uşaqların birinci sinfə daha bərabər baza bilikləri və psixoloji hazırlıqla başlamasına imkan verə bilər.
Ekspertin fikrincə, təklifin həyata keçirilməsi üçün məktəbəqədər təhsil müəssisələrinin infrastrukturu genişləndirilməli, kadr imkanları artırılmalı və vahid tədris standartlarının tətbiqi tamamlanmalıdır.