Azərbaycanda gələn il minimum əməkhaqqının artırılması gözlənilir. Bu dəyişiklik 700 mindən çox vətəndaşın əməkhaqqına təsir edə bilər.
1xeber.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə ortaaylıq nominal əməkhaqqı 7,2 faiz artaraq 1 173 manata çatıb. Gələn il bu göstəricinin 1 200 manatı keçə biləcəyi bildirilir.
Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artırılması 700 mindən çox şəxsin maaşının yüksəlməsinə səbəb ola bilər. Artım dövlət büdcəsindən maliyyələşən və Vahid Tarif Cədvəli üzrə əməkhaqqı alan işçilərə də təsir göstərəcək.
Vahid Tarif Cədvəli üzrə maaşlar hazırda 400 manatdan 1 150 manatadək dəyişir. Minimum əməkhaqqının artırılmasından sonra bu məbləğlərin yeni göstəriciyə uyğunlaşdırılması gözlənilir.
İqtisadçı ekspert Asif İbrahimov hesab edir ki, maaş artımı özəl sektora da təsir göstərə bilər. Onun fikrincə, əməkhaqqı xərclərinin yüksəlməsi bəzi müəssisələrdə məhsul və xidmətlərin qiymətlərinə təsir edə bilər.
Ekspert qeyd edib ki, maaş artımının real gəlirlərə müsbət təsir göstərməsi üçün istehsalın genişlənməsi, əmək məhsuldarlığının yüksəlməsi və bazarda rəqabətin gücləndirilməsi vacibdir.
Vüqar Bayramov daha əvvəl bildirib ki, 2027-ci ildə ortaaylıq əməkhaqqının 1 300 manata, 2030-cu ilədək isə 1 600 manata çatması proqnozlaşdırılır.