1xeber.media xəbər verir ki, rəhbərlə işçinin maaşı arasındakı fərqin neçə dəfə olması barədə vahid rəqəm yoxdur. Ekspert Həsən Həsənovun fikrincə, əsas məsələ maaş fərqinin böyüklüyü deyil, bu fərqin hansı məsuliyyət və nəticələrə əsaslanmasıdır.
Müasir menecmentin banilərindən sayılan Piter Druker 1984-cü ildə rəhbərlə işçinin maaşı arasındakı fərqin 20 dəfəni keçməməli olduğunu yazıb. İsveçrədə isə 2013-cü ildə rəhbərlərin maaşının şirkətdə ən aşağı əməkhaqqından 12 dəfədən çox olmamasını nəzərdə tutan təşəbbüs referendumda rədd edilib. ABŞ-da 2025-ci ildə S&P 500 şirkətlərinin rəhbərləri orta statistik işçidən 300 dəfədən çox gəlir əldə edib.
Ekspert hesab edir ki, rəhbərin daha yüksək maaş almasının əsas səbəbi onun daha geniş məsuliyyət daşımasıdır. İşçi öz fəaliyyətinə cavabdeh olduğu halda, rəhbər həm şəxsi qərarlarına, həm də tabeliyindəki əməkdaşların ümumi nəticələrinə görə məsuliyyət daşıyır.
Maaş fərqinin şirkətlərdə əsas problemlərindən biri orta idarəetmə pillələrində yaranır. Məsələn, departament rəhbəri 5 000 manat, sıravi əməkdaş isə 800 manat alırsa, aradakı idarəetmə pilləsində kifayət qədər təcrübəsi olmayan şəxsin yerləşdirilməsi maaş fərqini daha da nəzərəçarpan edir.
Həsən Həsənovun fikrincə, əməkhaqqı yalnız vəzifənin adına görə müəyyənləşdirilməməlidir. Sabit maaş məsuliyyətin, dəyişən hissə isə nəticənin qarşılığı ola bilər. Rəhbərin nəticəyə təsiri artdıqca, əməkhaqqında performansa bağlı hissənin də payı yüksələ bilər.
Ekspert nümunə olaraq 3 000 manat sabit və 2 000 manat nəticəyə bağlı maaş alan rəhbəri göstərir. İşçinin isə 800 manat sabit və 200 manat nəticəyə bağlı gəliri olduğu halda, yaxşı ayda rəhbər 5 000, işçi 1 000 manat qazana bilər. Nəticələrin zəif olduğu dövrdə dəyişən hissə ödənilmədikdə bu fərq 3,75 dəfəyə qədər azalır.
Maaş fərqinin ədalətli olub-olmadığını müəyyənləşdirərkən rəhbərin şirkətə verdiyi nəticə, məsuliyyət dairəsi və qərarlarının təsiri nəzərə alınmalıdır.