1xeber.media xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Təmir zamanı gimnaziyada müasir tədris şəraiti yaradılıb. Ümumtəhsil fənləri üçün sinif otaqları, ixtisas fənlərinin tədrisi üçün fərdi və qrup məşğələ auditoriyaları, eləcə də yaradıcılıq emalatxanaları qurulub.
Təhsil müəssisəsi dərslərin təşkili üçün zəruri alət, inventar və digər avadanlıqlarla təmin edilib. Hazırda gimnaziyada 1214 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur.
Gimnaziyada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Şagirdlər milli və klassik musiqi ilə yanaşı, müxtəlif sənət istiqamətləri üzrə bilik və bacarıqlar əldə edirlər.
Qeyd edək ki, gimnaziyanın 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilib.