Вернуться назад Распечатать

Daha bir neçə dövlət Türkiyə ilə razılığa gəldi

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan vahid ingilis dili biliyi testi — ETOTS (Türk Dövlətləri üçün İngilis Dili Testi) yaratmaq barədə razılığa gəliblər.

1xeber.media “Minval”a istinadla xəbər verir ki, müvafiq memorandum beş ölkənin milli test mərkəzləri tərəfindən Astanada keçirilən "Sürətlə Dəyişən Dünyada Qəbul İmtahanları" beynəlxalq konfransında imzalanıb.

Yeni sistem iştirakçı ölkələrdə imtahan suallarının hazırlanması, testlərin keçirilməsi, biliklərin qiymətləndirilməsi və nəticələrin tanınması üçün vahid yanaşmalar təmin edir. 

Təşəbbüs təhlükəsiz kompüter əsaslı testlərin təşkilini, suallar üzrə psixometrik keyfiyyət yoxlamalarının aparılmasını və imtahan nəticələrinin qarşılıqlı tanınması mexanizmlərinin hazırlanmasını nəzərdə tutur.

Qazaxıstan Milli Test Mərkəzinin direktoru Nursəid Baycanovun qeyd etdiyi kimi, ETOTS türk dövlətlərinin təhsil sistemləri arasında etimadı gücləndirmək və akademik mobillik imkanlarını genişləndirmək istiqamətində mühüm addım olacaq.

Yeni imtahan mövcud beynəlxalq ingilis dili testlərini əvəz etməyəcək, əksinə, dil biliyinin qiymətləndirilməsi üçün əlavə regional vasitə kimi xidmət edəcək.

Memorandum digər türk dövlətlərinin milli qiymətləndirmə təşkilatlarının da qoşulması üçün açıqdır.