Bildiyiniz kimi bu gün davamlı olaraq paytaxt Bakı ilə yanaşı ölkəmizin digər şəhər və bölgələrinə davamlı olaraq yağış yağdı. Yağış suları Bakı şəhərində bir çox fəsadlar törətdi. Bəs yağışdan sonra hansı işlər görülür?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin su-kanal idarələrinin qəza xidmətləri dərhal yaranmış vəziyyətlə əlaqədar səfərbər edilib. Operativ şəkildə görülən işlərin nəticəsində paytaxt Bakının böyük bir hissəsi yağış sularından təmizlənib. Və hazırda da işlər davam etdirilir.
1xeber.media xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti rəsmi açıqlama yayıb. Məlumatda qeyd olunur ki, “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.
Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin.