Вернуться назад Распечатать

Türkiyə hərbi gəmilərin boğazlardan keçməsinə icazə verməyəcək

1xeber.media xəbər verir ki, Türkiyə Qara dənizdə gərginliyin artması fonunda hərbi gəmilərin Bosfor və Dardanel boğazlarından keçməsinə qoyulan məhdudiyyəti qüvvədə saxlamaq niyyətindədir.

Bu barədə Türkiyə hökumətindəki mənbə RİA Novosti agentliyinə bildirib. Mənbənin sözlərinə görə, Ankara boğazlardan hərbi gəmilərin keçidi ilə bağlı mövcud mövqeyini qətiyyətlə qoruyacaq.

Bildirilib ki, Türkiyə regionda gərginliyin daha da artmasının qarşısını almaq və Qara dənizdə sabitliyi qorumaq məqsədilə beynəlxalq öhdəliklərinə əməl etməyə davam edəcək. Bu siyasətin əsasını boğazlardan keçid qaydalarını tənzimləyən Montrö Konvensiyası təşkil edir. 

Məlumata görə, Türkiyənin hakimiyyətə yaxın “Türkiye” qəzeti daha əvvəl bəzi NATO ölkələrinin hərbi gəmilərin boğazlardan daha sərbəst keçməsinə nail olmaq üçün Ankaraya təzyiq göstərdiyini yazıb.

Xatırladaq ki, Türkiyə 2022-ci ildə Montrö Konvensiyasının verdiyi səlahiyyətlərdən istifadə edərək müharibə aparan tərəflərin hərbi gəmilərinin boğazlardan keçidini məhdudlaşdırıb. Konvensiya Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçidini tənzimləyir.