Türkiyə mediasında belə bir fikrə rast gəldim: "Düşmənimizin dostu bizim qardaşımız ola bilməz".
Yəni qardaşımız düşmənimizin dostu ola bilməz və olmamalıdır.
Əslində doğru yanaşmadır: sənin düşmənin həm də sənin qardaşının düşmənidir.
Bir vacib nüans var: Türkiyəli qardaşlarımız bu fikri Azərbaycan-İsrail münasibətlərinə aid edirlər. Ancaq Türkiyə ilə İsrailin düşmən dövlətlər olduğunu kim deyir?!
İsrail Türkiyə ərazisinə hücum etməyib, onunla açıq müharibə vəziyyətində deyil. Bu iki ölkə arasında zaman-zaman yaxınlaşma da olub, uzaqlaşma da olub. Bu, xüsusilə, Türkiyə siyasətində çox müşahidə olunur. Ancaq bu ölkələr müharibə vəziyyətində deyillər. İqtisadi əlaqələr zəifləsə də, hələ kifayət qədər var və sair.
Bu, ayrıca bir söhbətin mövzusudur.
Biz bu məsələni Azərbaycanla Ermənistan arasında olmuş müharibə və postmüharibə vəziyyətləri üzərindən şərh etməyə çalışaq.
Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxladı, buna görə də Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmadı, sərhədləri açmadı. Bu, həqiqətən qardaşlığa yaraşan addımdır.
Ermənistan Türkiyə ərazisinə hücum etməmişdi, ancaq Qarabağda Azərbaycan türklərinə qarşı qətliamlar törətmişdi. Yəni Anadoluda, ya Təbrizdə, ya Kərkükdə, ya Dərbəndə, Borçalıda... yaşayan türkün qardaşını öldürmüşdü. Türkü öldürmüşdü.
Deməli, Azərbaycanla düşmənçilik edən Ermənistan həm də Türkiyə ilə düşmənçilik etmişdi. Bu mənada Türkiyənin Ermənistanla münasibət qurmaması tam təbii və əsaslıdır. "Səni sevəcəyəm sən sevməsən də" prinsipi burda keçərli deyil;
Türkiyə özünə yaraşan tərzdə davrandı - qürurlu Türk milləti 2009-cu ildə "futbol diplomatiyası"na "yox" dedi. Böyük Millət Məclisi isə Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlunun ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın imza atdığı məlum və məlun Sürix protokollarını ratifikasiya etmədi. Yenə də Türkiyə özünə yaraşanı seçdi, yaraşmayanı deyil.
İndiki hadisələr fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsini 2031-ci ilə qədər ertələmək fikri və xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə-Ermənistan sərhəddinin tezliklə açılacağı haqqında tez-tez verdiyi bəyanatlar xüsusilə narahatlıq doğurur.
Tanınmış jurnalist həmkarım Nailə Balayeva sosial şəbəkədə paylaşımında bu məsələyə toxunub və belə yazıb: "Mən Sizi bilmirəm. Məni hazırda narahat edən Mirzoyanın tez-tez Ermənistan-Türkiyə sərhədinin açılması barədə danışması və Paşinyanın Azərbaycanla sülh müqaviləsini 2031- ci ilə kimi ertələməsidir. Bu iki bəyanat arasında əlaqə olmaya. Gəlin başımızı hicab və Türkiyədən olub Atatürk Türkiyəsinə aidiyyəti olmayan biçarələrə qatmayaq. Türkiyə və Türk xalqı ilə dostluğumuzu dünyanın iki ölkəsindən biri olan SSRİ sarsıda bilmədi. İndi bu 1-2 biçarəmi sarsıdcaq? Alınan deyil. Ermənistan seçkidən sonra referendum keçirəcəyini və sülh müqaviləsi bağlayacağını bildirmişdi. Bu nədən 2031-ə kimi qaldı?"
Doğrudan da, məsələlərin düyün nöqtəsi budur. Ermənistanın baş naziri hətta Aərbaycanla Türkiyə arasında vasitəçilik edə biləcəyini də söylədi. Bu da tipik erməni siyasi gedişi olmaqla yanaşı, çox şeydən xəbər verir.
Gündəmdə xəbər çirkliliyi çoxdan vardı, indi fikir çirkliliyi də artır. Hamının başını hicabla qarışdırıblar. İranın da gündəminə yeni və daha təsirli antiAzərbaycan mövzu atılıb, Türkiyə cəmiyyətinə də bu tezis sırınır.
Məqsəd nə ola bilər?!
Görünür, Türkiyə hökumətində kimlərsə Azərbaycan cəmiyyəti qarşısında (eləcə də, öz cəmiyyəti qarşısında) mənəvi öhdəlikdəm xilas olub, Ermənistanla sərhədləri açmaq, Ermənistanı iqtisadi blokadadan çıxarmaq və öz iqtisadiyyatını gücləndirmək barədə düşünür. Yəni öz maraqlarını düşünür.
Ola bilər, siyasətdir, millət eyni olsa da, ayrı dövlətlərdir. Ayrı-ayrı dövlətlər isə ayrı maraqlar deməkdir. Ancaq o zaman bir hökumət "qardaş" dediyi başqa bir xalqın maraqlarını zədələyən addım atmalı deyil.
Baxın, Ermənistan Türkiyə-Azərbaycan münasibətlərində gərginliyi görən kimi sülh müqaviləsini beş il sonraya ertələdi. Ən yaxşı halda. Amma buna qədər Nikol Paşinyan 2027-ci ildə - seçkidən sonra referendum deyirdi, Konstitusiyaya dəyişiklik deyirdi. Yəni Vaşinqton razılaşmalarının icra etməyə, Azərbaycanla tam mənada yolları açmağa məcbur görünürdü. Çünki Rusiya ilə Ermənistan arasında siyasi münasibətlər zəifləmiş görünsə də, iqtisadi əlaqələr çox möhkəmdir. Azərbaycan ərazisi vasitəsilə Rusiyaya, Mərkəzi Asiyaya, Çinə daha çox çıxış əldə etmək üçün Ermənistan sülh müqaviləsini imzalamağa və Zəngəzur dəhlizini açmağa məcbur idi. Ancaq Türkiyə Ermənistanla sərhədləri açsa, Ermənistan həm Türkiyə bazarına, həm də Türkiyənin vasitəsilə Avropaya, Qərbi Asiyaya - körfəz ölkələrinı daha qısa, birvaşa çıxış əldə efə bilsə, onun başqalarına ehtiyacı azalacaq. Sülh müqaviləsi bağlamağa da özünü məcbur hiss etməyəcək.
Azərbaycan və Türkiyə baxımından bu, nə deməkdir?!
O deməkdir ki, Ermənistanın özünün və Ermənistan üzərindən, ya da Ermənistan vasitəsilə başqa güclərin Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik aparması üçün zəmin - "legitim" imkan həmişə aktual qalacaq. Bölgədə müharibə riski həmişə qalacaq. Bu, təkcə Azərbaycanı deyil, Türkiyəni də narahat edəsi bir neqativ ssenaridir, arzuolunmaz perspektivdir.
Azərbaycanı bir tərəfə qoyaq. Təsəvvür edin, Türkiyənin ərazilərinin bir hissəsini öz Konstitusiyasında özünün ərazisi kimi təsbit etmiş Ermənistanla sərhədləri açırsınız və onu gücləndirirsiniz. Biz bir yana, rəsmi Ankara Ermənistanı təcriddən qurtarda, öz potensial düşmənini, eləcə də, Türkiyə ilə problemləri olan yunan Kiprinin, Yunanıstanın, Fransanın, Hindistanın dostu, ya da müttəfiqi olan bir ölkəni gücləndirmiş olacaq.
Budur, bu il oktyabrın 14-də Türkiyədə - İstanbul şəhərindəki İnterContinental otelində Ermənistanın müstəqilliyinin 35-ci ildönümü qeyd olunub. Türkiyə hökumətini bu tədbirdə kim təmsil edib?! Xarici işlər nazirinin müavini Berris Əkinçi.
Bu, Türkiyə baxımından Ermənistanla tədbirdə iştirak üçün kifayət qədər yüksək diölomatik səviyyədir. Bu, Ermənistanı siyasi cəhətdən gücləndirən addımlardan biridir.
Ermənistan Türkiyə ilə münasibətləri Azərbaycanla münasibətlərdən ayırmağı çoxdan xəyal edir. Bu baş verənlər də göstərir ki, rəsmi İrəvan ilk addımları atır. Ona görə də Azərbaycanla kommunikasiyaların tam açılmasını da, sülh sazişini də uzaq tarixə atmaq fürsətini hiss edir. Ancaq ancaq bu, əslində sülhü uzağa atmaqdır.
Belə bir durum iki qardaş ölkə üçün, yəni Azərbaycana və Türkiyəyə sərfəlidirmi?! Əlbəttə, yox. Ona görə bu dəfə də Türkiyə hökumətinin öz ölkəsinə yaraşan bir siyasi yol izləyəcəyini düşünürəm.