1xeber.media xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi yəhudi icmasının tanınmış nümayəndələri Yozef Şuster və Volker Bekə qarşı planlaşdırılan sui-qəsd cəhdləri ilə bağlı İranın Berlindəki səfirini nazirliyə çağırıb.
Almaniya XİN-in “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib ki, ölkə hakimiyyəti Almaniyada və ya başqa ərazilərdə yəhudilərin, eləcə də onların hüquqlarını müdafiə edən şəxslərin həyatına təhlükə yaradılmasına göz yummayacaq. Nazirlik Şuster və Bekə qarşı planlaşdırılan hücumlarla bağlı sərt mövqe nümayiş etdirərək, bu cəhdlərin hüquqi müstəvidə cavablandırılacağını vurğulayıb.
Bəyanatda İranın bu fəaliyyətləri də kəskin şəkildə pislənib. Almaniya XİN, həmçinin Berlinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsi istiqamətində daha əvvəl də təşəbbüslər göstərdiyini xatırladıb.
Məlumata görə, oktyabrın 15-də Hamburqun Ali Əyalət Məhkəməsi İranın xeyrinə casusluq etməkdə, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd və yanğın törətməyə hazırlıqda təqsirli bilinən iki nəfərə hökm oxuyub. 54 yaşlı Əli S. səkkiz il yarım, 43 yaşlı Təvab M. isə dörd il yarım müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə müəyyən edib ki, Danimarkada yaşayan hər iki şəxs Yozef Şuster və Volker Bekin fəaliyyətini izləyiblər. Bundan əlavə, Əli S.-nin Berlində yerləşən ərzaq mağazalarından birini yandırmağa hazırlaşdığı bildirilib.
Almaniya Baş Prokurorluğunun məlumatına əsasən, Əli S. tapşırıqları birbaşa SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrindən alıb. İstintaq materiallarında qeyd olunur ki, 2025-ci ilin mayında o, Bekə qarşı sui-qəsd törətmək üçün silah tapmağa və başqa şəxsi bu işə cəlb etməyə hazır olduğunu bildirən Təvab M. ilə əlaqə saxlayıb.
Hər iki şəxs 2025-ci ildə Almaniyanın sorğusu əsasında Danimarkada saxlanılıb və Almaniyaya təhvil verilib. Onlar həmin vaxtdan istintaq təcridxanasında saxlanılıblar.