Вернуться назад Распечатать

Korrupsiyanı xəbər verən işçiyə toxunulmazlıq gəlir! — Müdirlərə şok qadağa: İşdən çıxarmaq olmayacaq

1xeber.media xəbər verir ki, Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Layihəyə əsasən, korrupsiya barədə məlumat verən şəxsin kimliyi məxfi saxlanılmalı, onun hüquqi yardım alması təmin edilməli və məlumat verdiyinə görə iş yerində təzyiqə məruz qalmasına yol verilməməlidir. İşçinin intizam məsuliyyətinə cəlb edilməsi, işdən çıxarılması, vəzifəsinin və ya iş yerinin dəyişdirilməsi kimi qisas xarakterli tədbirlər qadağan edilir.

Vəkil Turan Abdullazadənin sözlərinə görə, layihə hələ qüvvəyə minməyib. Sənəd oktyabrın 6-da Milli Məclisin iki komitəsinin birgə iclasında müzakirə olunub və birinci oxunuş üçün plenar iclasa tövsiyə edilib. Bu səbəbdən nəzərdə tutulan təminatların məzmununda dəyişiklik edilə bilər.

Layihədə məlumat verən şəxsin və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi, şəxsi məlumatların konfidensiallığının qorunması nəzərdə tutulur. Məlumat verən şəxs dövlət hesabına peşəkar hüquqi yardım ala və məhkəmə xərclərindən azad edilə bilər. Ona dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək hüququ da verilə bilər.

Korrupsiya barədə məlumat verən şəxslərin mükafatlandırılması da layihədə yer alır. Məlumat təsdiqləndikdən sonra mükafatın ödənilməsi nəzərdə tutulur. Mükafatın məbləği müəyyən hallarda minimum əməkhaqqının 25 mislinədək ola bilər.

Qanun layihəsinin əsas məqsədlərindən biri korrupsiya barədə məlumat verən şəxslərin məlumatlarına görə təzyiq və qisas tədbirlərindən qorunmasıdır. Lakin sənəd hələ qəbul edilmədiyi üçün bu mexanizmlərin yekun forması parlament müzakirələrindən sonra müəyyənləşəcək.