Bəzi ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri yenidən imtahan verəcəklər.
1xeber.media xəbər verir ki, söhbət əvvəlki qiymətləndirmələrdə tələb olunan nəticəni əldə etməyən və ya müvafiq qiymətləndirmə nəticəsi olmayan şəxslərdən gedir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, bu şəxslər direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanına cəlb olunurlar.
İmtahanda namizədlərə ixtisas fənləri üzrə 50, metodika və təlim strategiyaları üzrə isə 10 test tapşırığı təqdim edilir. Beləliklə, iştirakçılar ümumilikdə 60 suala cavab verməlidirlər.
Qeyd edək ki, bu qiymətləndirmənin məqsədi direktor və direktor müavinlərinin ixtisas üzrə bilik və bacarıqlarını müəyyənləşdirməkdir.