1xeber.media xəbər verir ki, Fransada kütləvi etirazlar maliyyə bazarlarına da təsir edib. Dövlət istiqrazlarının qiyməti, Paris fond birjasında səhmlər və avro ucuzlaşıb.
Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 13 baza bəndi artaraq 4,9%-ə yüksəlib. Fransa və Almaniyanın 10 illik istiqrazlarının gəlirliliyi arasındakı fərq isə 146 baza bəndinə çatıb. Bu, son iki həftənin ən yüksək göstəricisidir.
Paris fond birjasının əsas göstəricisi olan CAC 40 indeksi 1,5% geriləyib. Fransanın iri banklarından “BNP Paribas” və “Société Générale”nin səhmləri də ayrı-ayrılıqda 3% ucuzlaşıb.
Etirazların təsiri avroda da özünü göstərib. Avropa valyutası dollar, funt sterlinq və yen qarşısında 0,2-0,3% dəyər itirib.
İnvestorlar Fransada siyasi qeyri-müəyyənliyin və büdcə kəsirinin azaldılması ilə bağlı çətinliklərin ölkənin maliyyə vəziyyətinə təsir göstərə biləcəyindən narahatdırlar.