1xeber.media xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan 314,5 milyon ABŞ dolları dəyərində 701 min 908 ədəd smartfon idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20% artım, say baxımından isə 15,4% azalma deməkdir.
İdxalın əsas hissəsi Çinin payına düşüb. Hesabat dövründə Çindən 234,1 milyon dollar dəyərində 507 min 570 ədəd smartfon gətirilib. Vyetnamdan 66,94 milyon dollar dəyərində 175 min 324, Hindistandan isə 13 milyon dollar dəyərində 18 min 483 cihaz idxal olunub.
Azərbaycan Tayvandan smartfon tədarükünü 7 il 5 aylıq fasilədən sonra bərpa edib. Bu ölkədən 2,44 min dollar dəyərində 1 ədəd smartfon gətirilib.
Çexiyadan tədarük isə 2 il 10 aylıq fasilədən sonra yenilənib. Hesabat dövründə Çexiyadan 56,5 min dollar dəyərində 50 smartfon idxal olunub.
2025-ci ildə Azərbaycana gətirilən 1 milyon 344 min 329 smartfonun 80,4%-i Çinin payına düşüb.