Вернуться назад Распечатать

Hökm çıxandan sonra barışıq cəzanı azaltmır! – Ali Məhkəmədən ŞOK QƏRAR və xəbərdarlıq

 Hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsi təyin olunmuş cəzanın azaldılması üçün hökmün icrası qaydasında əsas ola bilməz.

1xeber.media  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi hüquqi mövqeyini açıqlayıb.

İşin hallarına əsasən, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilən şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıb. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizəsində məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. 

Məhkum bu əsasa görə məhkəməyə müraciət edərək Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələrinin tətbiqi ilə cəzasının azaldılmasını istəyib. Lakin birinci və apellyasiya instansiyası məhkəmələri onun müraciətini təmin etməyib.

Ali Məhkəmə bildirib ki, hökm qanuni qüvvəyə mindikdən sonra təyin olunmuş cəzanın dəyişdirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi əsaslar və prosessual mexanizmlər çərçivəsində mümkündür. Cəzanın təyin edilməsi və fərdiləşdirilməsi cinayət işinə mahiyyəti üzrə baxılarkən həyata keçirilir.

Qeyd olunub ki, hökmün icrası mərhələsində məhkəmələr yalnız qanunla səlahiyyətlərinə aid edilmiş məsələlərə baxa bilərlər. Buna görə də məhkumun sonradan zərərçəkmiş şəxslə barışmasına əsaslanaraq cəzasının azaldılmasını istəməsi barədə müraciətinə həmin mərhələdə baxılması üçün qanuni prosessual əsas olmayıb.

Ali Məhkəmə vurğulayıb ki, bu mövqe barışığın cəzanı yüngülləşdirən hal kimi hüquqi əhəmiyyətinin qiymətləndirilməsi demək deyil. Söhbət yalnız belə müraciətə hökmün icrası qaydasında baxılmasını mümkün edən qanuni mexanizmin olmamasından gedir.

Nəticədə Ali Məhkəmə məhkumun kassasiya şikayətini təmin etməyib, aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib və cəzanın azaldılması barədə ərizənin hökmün icrası qaydasında icraata qəbul edilməsindən imtina edib.