1xeber.media xəbər verir ki, Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında 13,99 min ton polietilendən kisə və çanta istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz, yəni təxminən 2 378 ton çoxdur. 2025-ci ilin yanvar-sentyabrında 11,6 min ton polietilen kisə və çanta istehsal edilmişdi.
2024-cü ilin ilk doqquz ayında isə istehsal 14,2 min ton olub. 2026-cı ilin göstəricisi həmin səviyyədən 1,8 faiz aşağıdır.
Polietilendən başqa digər plastik materiallardan hazırlanan kisə və çantaların istehsalı da 15,7 faiz artaraq 6 523,9 tona çatıb. Nəticədə hər iki məhsul qrupu üzrə ümumi istehsal 20,5 min ton təşkil edib. Bu, illik müqayisədə 18,9 faiz artım deməkdir.
Hesabat dövründə ölkədə 174,8 milyon ədəd plastik butulka, flakon və oxşar məhsul istehsal edilib. Bu sahədə də 3,3 faizlik artım qeydə alınıb.
Maraqlı məqam ondan ibarətdir ki, ilkin formada polietilen istehsalı 23,3 faiz azalaraq 87,3 min tona düşüb. Buna baxmayaraq, polietilendən hazırlanan kisə və çantaların istehsalı artıb.
2026-cı ilin ilk səkkiz ayında etilen polimerlərindən hazırlanan torba və çantaların ixracı 289,29 ton olub. Bu həcm doqquz aylıq istehsalın təxminən 2,1 faizinə bərabərdir.
Azərbaycanda 2023-cü il fevralın 15-dən marketlərdə 15-50 mikron qalınlığında polietilen torbaların pullu satışı tətbiq edilir.