Azərbaycanın dilbər güşələrindən biri olmaqla yanaşı, həm də strateji cəhətdən vacib
əhəmiyyətə malik Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında
həlledici rol oynadı
Altı il öncə müzəffər ordumuz Zəngilanın işğal tarixinin - 29 oktyabr 1993-cü ilin
üstündən xətt çəkdi, yeni tarix - 20 oktyabr 2020-ci il Zəfər tarixini yazdı. Beləliklə, Zəngilan
azadlığına qovuşdu. Ənənəyə sadiq qalaraq Ali Baş Komandan cənab İlham Əliyev xalqa
müraciət edərək qələbə xəbərini çatdırdı: "Əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış
məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Zəngilan
rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış
məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış
məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri
kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir"!
Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri,
zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahiblərinə qaytarıldı.
Düşmənlə son ana qədər mübarizə aparan Zəngilan işğal edilən sonuncu torpağımız olsa da,
30 ilədək bir dövrdən sonra azad olunan ilk ərazilərimizdən oldu. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə
bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, 20 oktyabr – Zəngilan
Şəhəri Günü kimi qeyd olunur.
Zəngilan işğal illərində yerlə-yeksan olunmuşdur. Ermənistanın faşist ordusu rayondakı
tarixi abidələri, mədəniyyət ocaqlarını, məscid və qəbiristanlıqları, eləcə də yaşayış
məntəqələrinin əksəriyyətini, sosial-iqtisadi infrastrukturları dağıdaraq vəhşi xislətini ortaya
qoymuşdu. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki
təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” Dövlət Təbiət Qoruğunda nadir Şərq
çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma
kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min
dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı
çirkləndirib. Nəticədə təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv
olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi
qiymətləndirilir.
İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən də vacib əhəmiyyət
kəsb edir. Rayon rəşadətli ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın
Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından
önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə
Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə
götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı
istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda
təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-
Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi
ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu.
Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə
ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.
Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır. Həmin bayraq altında
Azərbaycanın bu dilbər guşəsində sürətli bərpa-quruculuq işləri aparılır. 27 il ərzində erməni
barbarlarının viranə qoyduqları Zəngilan torpağı tikinti-quruculuq meydanına çevrilib. Cəmi 5 il
əvvələ qədər həyatın söndürüldüyü bu ərazinin çox yerləri bu gün cənnətməkana bənzəyir. Bir
çox yaşayış məskənində müasir infrastruktur qurulub, "ağıllı kənd" Ağalı salınıb. Zəngilan
Beynəlxalq Hava Limanı regionun inkişafını sürətləndirir. Maraqlıdır ki, Böyük Qayıdışa məhz
Zəngilanda "ağıllı kənd"in tikintisi ilə start verildi. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı
kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin
inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq,
məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə
dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma
torpaqlarında məskunlaşmağa başlayıblar. Qarabağın “yaşıl enerji zonası”na çevrilməsi
prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda Günəş enerjisinin böyük potensialı var.
Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib,
infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.
Həyata keçirilməsi nəzərdə tutulan layihələr içərisində logistic layihələr xüsusi
əhəmiyyətə malikdir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji
əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də
yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları
da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə
seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilanı
Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər
blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın
tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması
yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim
torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə
birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən
icra olunub. Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olub. İşğal dövründə
ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd
göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Bundan əlavə, Zəngilanda
təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost
Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin
aqropark artıq fəaliyyətdədir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə
verəcək. Qısa müddət ərzində həyata keçirilən bu işlər ölkəmizin iqtisadi gücünün və dövlət
qayğısının göstəricisidir. Belə əmin və gələcəyə hesablanmış addımların nəticəsində Qarabağ
və Şərqi Zəngəzur nəinki əvvəlki möhtəşəmliyinə qovuşacaq, hətta müasir dövrümüzün “yaşıl
dünya”sına çevriləcəkdir.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri