Вернуться назад Распечатать

Zəngilanda həyata keçirilən quruculuq işləri hamını sevindirir

 

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci
Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət
bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 6 il ötür. Azərbaycan Ordusunun 2020-ci il
sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə
oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu.
Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar,
Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri,
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,
Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı
kəndləri erməni işğalçılarından təmizlənib.
Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq,
xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Zəngilan rayonunun işğaldan azad edilməsi
ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Azərbaycan Respublikasında “Zəngilanın
azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan
rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik
və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif
olunub.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan
şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən
şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur və
həmin ildə ilk dəfə Zəngilan şəhər günü qeyd edilib.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini,
tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı
da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay”
dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.
Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının
tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox
olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə
təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan
tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.
Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq
işləri aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri
əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı olub. 2021-ci il aprelin 26-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot
layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi keçirilib. İşğaldan azad edilmiş
ərazilərdə aparılan yenidənqurma işlərində üstünlük verilən “ağıllı kənd”, “ağıllı şəhər”
layihələrinə əsasən artıq 250-dən çox ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya
əsasında inşa olunmuş mənzillərində yaşayır.
Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial
xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. “Ağıllı kənd təsərrüfatı”
özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və
fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar
kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir
tələblərə uyğun qurmağa imkan verir.
Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd”
layihəsini zamanın zərurətinə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu layihənin
işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının
icrasında davamlı müsbət nəticələrə gətirib çıxaracaqdır.
Qeyd edilməlidir ki, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi
və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə
həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan

rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-
Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi
hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və
davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl,
gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı
qazıntılardır.
Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik
olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada
yerləşir. Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır.
Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın
dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq
çinarı “Qırmızı Kitab”a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək
yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi
cinayətkarlığın qurbanıdır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan
azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək. İqtisadiyyatda tikinti
sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında
Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynayacaqdır.
Leyla Fərəcova,
Sabirabad rayonu, Cavad kənd sakini