Fransada günlərdir davam edən hökumət əleyhinə kütləvi nümayişlərin kəskin iğtişaşlara, talanlara və dövlət binalarına vandalizm hücumlarına çevrilməsindən sonra ölkə rəhbərliyi radikal qərarlar qəbul edib.
1xeber.media xəbər verir ki,paytaxt Paris, şimalın mühüm mərkəzi Lill və cənubun kurort şəhəri Nitsa başda olmaqla bir sıra strateji şəhərlərdə vəziyyətə nəzarəti bərpa etmək məqsədilə gecə saatlarında küçəyə çıxma qadağası – qismən komendant saatı elan olunub.
Xarici media orqanlarının yaydığı təcili bəyanatlara əsasən, hökumət rəsmiləri törədilən irimiqyaslı dağıntılara görə birbaşa radikal qruplaşmaları və anarxist blokları ittiham edir. Baş nazirin sərəncamı ilə ölkə miqyasında asayişin tam qorunması məqsədilə on minlərlə jandarm və xüsusi təyinatlı polis qüvvələri küçələrə cəlb edilib, hüquq-mühafizə orqanları ən yüksək dərəcəli gücləndirilmiş iş rejiminə keçib.
Məsələnin ən narahatlıq doğuran tərəfi isə odur ki, kiber-analitiklər bu iğtişaşlar fonunda Fransanın daxili təhlükəsizlik və idarəetmə sistemlərinə qarşı koordinasiyalı şəkildə həyata keçirilən irimiqyaslı DDoS hücumlarını qeydə alıblar. Hökumət rəsmiləri bəzi dövlət saytlarında və ictimai xidmət resurslarında yaranan texniki kəsintilərin vətəndaşlar arasında vahimə yaratmaq məqsədilə xüsusi botnet şəbəkələri tərəfindən idarə olunduğunu bildirirlər. Hazırda şəhərlərin mərkəzi küçələrində ciddi nəzarət postları qurulub.