Azərbaycanda bəzi kateqoriyadan olan şəxslərə əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya təyin edilməsi pensiya sistemindəki güzəştləri, sosial ədalət prinsipini və dövlət büdcəsinə düşən yükü yenidən gündəmə gətirir. Xüsusi kateqoriyalar üçün nəzərdə tutulan bu mexanizmlər xidmətin xarakteri, əmək şəraiti və qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslarla bağlı ola bilər.
Bəs, əməkhaqqının 80 və ya 100 faizi həcmində pensiya verilməsi hansı hüquqi və iqtisadi əsaslara söykənir, bu güzəştlər dövlət büdcəsinə və pensiya sisteminin dayanıqlılığına necə təsir edir və xüsusi kateqoriyalı şəxslərlə digər vətəndaşların pensiyaları arasındakı fərq nə ilə izah olunur?
1xeber.media xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Əmək Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
"Dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiya hüququ olan vətəndaşlarımızın bir qismi qanun təsdiqləndikdən sonra, oktyabrın 1-dən etibarən yığım əsaslı pensiya sisteminə keçəcək. Bu kateqoriyaya hərbi qulluqçular, dövlət qulluqçuları, Milli Məclisin deputatları, ombudsman və digər qurumlarda çalışan vətəndaşlar daxildir. Onlar üçün pensiya təyinatının mərhələli şəkildə yığım əsasında həyata keçirilməsi nəzərdə tutulur".
Deputat bildirib ki, ilk mərhələdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Milli Məclisin deputatları, ombudsman və dövlət qulluqçuları üzrə yığım əsaslı pensiya təyinatının tətbiqi planlaşdırılır:
"Qanun layihəsinin Milli Məclisdə üçüncü oxunuşda qəbul edilməsi bu dəyişikliklərin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir. Bu o deməkdir ki, sözügedən kateqoriyaya aid şəxslər də mərhələli şəkildə topladıqları pensiya kapitalına uyğun olaraq pensiya alacaqlar. Eyni zamanda, onların pensiya məbləğinə sabit əlavələrin edilməsi nəzərdə tutulur. Ümumilikdə, bu dəyişikliklərin yaxın vaxtlarda dövlət başçısı tərəfindən təsdiqlənəcəyi gözlənilir".