Вернуться назад Распечатать

Ah, İstanbul… - Qardaşlığın “Yaprak dökümü”

“Ne acı, ne acı insan kendine ne kadar da yenik. Bulunmadı ihanetin ilacı, yürek koca bir kara delik...”

Duyğularına hökm edə bilməyən birinin nə yaşadığını ancaq mənimlə eyni “xəstəliyi” daşıyanlar bilər.

Hava da azca dəyişən kimi keçirik “Turetskiy” rejimə. Fonda Kibariye həzin-həzin oxuyur:

“Ah, İstanbul, İstanbul olalı... Hiç görmedin böyle bir keder...”

Romantikanın klassik ünvanı deyiləndə ilk yada Fransa düşür.

Amma zənnimcə, gəlişigözəl sözlərdən istifadə etməkdə türklərin əlinə su tökən tapılmaz.

İki aşiqin ayrılığını elə təsvir edirlər ki, birinin gözündə qalan son baxışına, o birinin yarımçıq qoyduğu cümləsinə, vaxtilə qol-qola gəzdikləri küçələrin yadlaşmasına ürəyin dözmür. İstəyirsən, gedib ikisini də tapıb barışdırasan.

Sözün gözəlliyinə aldanmaq da elə buradan başlayır. Gözəl danışana inanır, hamını özümüz kimi bilirik. Halbuki xoş səslənən hər sözün arxasında xoş niyyət dayanmır.

Siyasətdə isə bu, daha baha başa gəlir.

Çünki siyasətin ən asan tərəfi könül oxşayan sözlər söyləmək, müşkül yeri isə onların məsuliyyətini daşımaqdır. “Qardaşlıq” da belə sözlərdəndir.

AKP hakimiyyəti də illərdir məhz bu doğma sözün siyasi gücündən istifadə edir.

“Bir millət, iki dövlət” şüarı ilə qardaşlığı hər fürsətdə önə çəkən hakimiyyət üçün indi əsas sual həmin münasibətlərin sözlərdən kənarda necə qorunmasıdır.

Nə qədər dərin, nə qədər doğma səslənir...

Amma qardaşlıq da başqa böyük sözlər kimi yalnız deyildiyi zaman deyil, sınağa çəkildiyi məqamda öz həqiqi mənasını göstərir.

“Qardaş” deyib bağrımıza basdıqlarımız sinəmizdə qara daşa çevrilməmək üçün gərək o sözün məsuliyyətini də daşıya.

Əldə mikrofon olanda hər şey şeir kimi eşidilir. Ta ki, həyat bir gün həmin misraların səmimiyyətini yoxlayana qədər.

Axı qardaşlıq tribunadan səslənəndə yox, çətin məqamda sınağa çəkiləndə dəyərini göstərir.

Oktyabrın 3-ü İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında Özgür-Der təşkilatının çağırışı ilə aksiya keçirilir.

Etirazçılar öz aləmlərində Azərbaycandakı məktəbli geyim qaydalarını tənqid edirlər.

On gün sonra Ankaradakı səfirliyimizin qarşısında keçirilən aksiyada isə söhbət məktəbli geyimindən daha geniş siyasi və dini çağırışlara qədər uzanır.

Azərbaycanın diplomatik nümayəndəliyinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilir. Tarixin bu qədər səhifəsini çevirmiş şəhər indi qardaşlığın qapısında keşik çəkildiyini seyr edir.

Məktəbli formasından başlayıb başqa bir dövlətin idarəçilik sisteminə qədər gedən siyasi marşrut....

Adamı fikir bürüyür: uşağın nə geyinməsindən danışırdıq, nə vaxt gəlib başqa ölkənin necə idarə olunmalı olduğuna qərar verdik?

Tənqid etmək olar. Amma tənqidlə başqa dövlətin konstitusion quruluşuna qarşı çağırışlar arasında sərhəd var. Qardaşlıq iddiası varsa, bu sərhədə hörmət də olmalıdır.

Bəlkə, bu aksiyaları birbaşa AKP təşkil etmir.

Ancaq Türkiyədə uzun illərdir hakimiyyətdə olan bir siyasi qüvvə kimi AKP radikal ritorikanın güclənməsi və bu ritorikanın hansı nəticələr doğurması barədə suallardan yayına bilməz.

Hansı çağırışlara göz yumulur, hansı hallarda susmağa üstünlük verilir, dost ölkənin diplomatik nümayəndəliyi ətrafında təhlükəsizliyin gücləndirilməsi zərurəti yarananda siyasi məsuliyyət kimə düşür?

Hakimiyyət hər küçə aksiyasının təşkilatçısı olmaya bilər. 

Amma siyasi mühitə görə məsuliyyətdən də boyun qaçıra bilməz.

AKP üçün də məsələ təkcə konsulluğun qarşısında neçə polisin dayandığı deyil. İllərdir təbliğ etdiyi qardaşlıq siyasətinin belə mənzərələrlə niyə üz-üzə qalmasıdır. Azərbaycana qarşı aparılan rəzil kampaniyaya niyə hələ də layiqli cavabı verməməsidir.

Görünür, bəzi siyasi şüarların da mühafizə xidmətinə ehtiyacı var.

Qardaş da qardaş qapısına polis çağırar?

Ah, İstanbul, İstanbul olalı... İmperiyaların yüksəlişini də görmüsən, süqutunu da. İndi isə qardaşlıq ünvanında keşik çəkildiyinə şahidlik edirsən.

Münasibətlərin üzərinə payızın soyuğu çökür, onların üslubu ilə desək, “Yaprak dökümü” yaşanır…

Sonbaharda külək əsəndə əsas yük ağacın köklərinə düşür. 

Təki bu sonbahar qardaşlığın son baharı olmasın…

Aslan Vəliyev