1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin görüşünün Krımdakı Livadiya sarayında keçirilməsini təklif edib.
Deputatın sözlərini TASS agentliyi yayıb.
Şeremetin fikrincə, 1945-ci ildə antihitler koalisiyasına daxil olan üç dövlətin rəhbərlərinin Yalta konfransında bir araya gəldiyi Livadiya sarayı belə bir görüş üçün tarixi əhəmiyyətə malik məkandır.
O bildirib ki, həmin məkanda keçiriləcək danışıqlar beynəlxalq miqyasda əlamətdar hadisəyə çevrilə bilər. Deputatın fikrincə, belə bir görüş dünyada birqütblü nizam, qarşıdurma və sanksiyalarla təcrid olunma barədə mövcud təsəvvürlərə təsir göstərə bilər.
Şeremet həmçinin xatırladıb ki, İkinci Dünya müharibəsinin sonlarına yaxın Yalta konfransında müharibədən sonrakı dünya nizamının əsasları müəyyənləşdirilib.