Oktyabrın 20-də Xəzər rayonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
1xeber.media xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzi - Eko parkda keçirilən müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının QİƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, müəssisələri və xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
İlk olaraq müşavirə iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar. Ulu Öndər Heydər Əliyevin, eləcə də vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı həm keçmişə baxış, həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edir, eyni zamanda, milli təhlükəsizlik və inkişaf proqramının başlıca konturlarını və qarşıda duran əsas vəzifələri müəyyənləşib.
Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə əsas vəzifələrimiz əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır. Rayon rəhbəri qeyd edib ki, bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev müstəqilliyi, dövlətçiliyi, güclü iqtisadi və hərbi potensialı, öz imkanlarımızdan maksimum istifadə etmək imkanlarını dövlət siyasətinin dəyişməz ana xəttinin əsas istiqamətləri kimi müəyyən edib.
Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Bu gün Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan aktual məsələlərin müzakirə olunduğu mühüm platforma, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı missiya yerinə yetirən ölkə hesab olunur.
Müşavirədə 183 nömrəli tam orta məktəbin direktoru Rəhilə Abbasova, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Altay Mansurov, Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev, Vətən Müharibəsi qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə Məcidova, Vətən Müharibəsi iştirakçısı Emil Həsənov və 156 nömrəli tam orta məktəbin müəllimi, əməkdar müəllim Mənzər Ağabəyova çıxış edərək Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqindən, Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə edilmiş siyasi, iqtisadi və hərbi nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, verilən tapşırıqlardan ətraflı danışıblar. Çıxış edənlər Prezidentin Qurultaydakı proqram xarakterli nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.
Ölkə başçısının Qurultaydakı çıxışından irəli gələn vəzifələri, tapşırıq və tövsiyləri icra etməyin hər bir ölkə vətəndaşının, partiya üzvünün ən ümdə işi olduğunu qeyd edərək bu yolda hər kəsə uğurlar arzulayıblar.










