Siyasətdə sözün çəkisi onu deyənin çətin məqamda tutduğu mövqe ilə ölçülür. Tribunadan qardaşlıq haqqında danışmaq asandır. O sözün məsuliyyətini daşımaq isə bəzən öz siyasi çevrənə etiraz etməyi, sənə yaxın görünənlərin qarşısında sərhəd çəkməyi tələb edir.
Azərbaycanla Türkiyə arasındakı münasibətlər məhz belə bir məsuliyyət üzərində dayanır. Bu münasibətlər ayrı-ayrı hakimiyyətlərin siyasi tərcümeyi-halına sığmayacaq qədər böyükdür. Ortaq tarixdən, mədəniyyətdən və xalqların yaddaşından gələn bağlılığın sahibi milyonlarla insandır. Hakimiyyətlər həmin etimadın əmanətdarıdır. Əmanəti qorumağın yolu da bəllidir: deyilən sözlə göstərilən davranış bir-birini tamamlamalıdır.
Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar bu baxımdan düşündürücüdür. Oktyabrın 3-də İstanbulda Baş Konsulluğumuz qarşısında Özgür-Derin çağırışı ilə təşkil olunan etiraz məktəbli geyim qaydaları ətrafında qurulmuşdu. On gün sonra Ankarada səfirliyimiz qarşısında səslənən siyasi və dini çağırışlar isə məsələnin təhsil mövzusundan uzaqlaşdığını göstərdi. Məktəbli formasından başlayıb bir dövlətin idarəçilik prinsiplərinə qədər uzanan bu müzakirədə sadə bir sual meydana çıxır: Azərbaycanın daxili qərarları barədə fikir bildirmək nə vaxt onun siyasi quruluşuna hökm vermək iddiasına çevrildi Tənqid hüququ var. Bu hüquq qarşı tərəfin suverenliyinə hörmət öhdəliyini aradan qaldırmır. Başqa ölkədə qəbul edilən qərarla razılaşmamaq həmin ölkəyə siyasi və ideoloji qəlib biçmək səlahiyyəti vermir.
Azərbaycanın dünyəvi dövlət quruluşu onun konstitusion seçimidir. Bu seçimə münasibət də dövlətlərarası hörmətin mühüm göstəricisidir. Yaxınlıq iddiası nə qədər böyükdürsə, həmin həssaslığa göstərilən diqqət də bir o qədər aydın olmalıdır. Məsələnin Türkiyə hakimiyyətinə aid tərəfi burada başlayır. Aksiyaların birbaşa AKP tərəfindən gizli əlaltılar vasitəsi ilə təşkil edildiyini söyləmək günlər keçdikcə reallığa çevrilir. Küçədə səslənən hər şüarı hakimiyyətin göstərişi kimi təqdim etmək düzgün olmaz. Bununla yanaşı, uzun illər ölkəni idarə edən siyasi qüvvədən baş verənlərə münasibət gözləmək isə tamamilə haqqımızdır. Və bu haqqı bizə tanıdan illərin qardaşlıq missiyasıdır. Qardaşlıq siyasi nüfuz qazandıran söz kimi işlədiləndə, onun doğurduğu öhdəliklər də qəbul olunmalıdır. İctimaiyyətin alqışladığı məqamlarda bu yaxınlıqdan danışıb narahatedici hadisələr qarşısında qeyri-müəyyən mövqe tutmaq etimadı möhkəmləndirmir. Və bu fonda AKP hakimiyyətinə ünvanlanan sual konkretdir: Azərbaycana qarşı səslənən, onun suverenliyini və dünyəvi quruluşunu hədəfə alan çağırışlarla siyasi sərhəd harada çəkilir? Azərbaycanda AKP hakimiyyətinə qarşı bu cür etirazlar keçirilsəydi reaksiya necə olardı?
Qardaşım dediyin bir məmləkətə qarşı bu cür sərt mövqe sərgiləmək, blogerlər, jurnalistlər vasitəsi ilə Azərbaycanın siyasi rəhbərliyini təhqir etdirmək, hədə qorxu yönümlü mesajlar ünvanlamaq yalan və riyakarlığı ifşa edir. Diplomatik nümayəndəliklərin qarşısında təhlükəsizliyin gücləndirilməsi zəruri tədbirdir. Ancaq münasibətlərdə yaranan narahatlığın bütün cavabını polis səddindən gözləmək olmaz. Polis qapını qoruyur. Siyasi rəhbərliyin mövqeyi isə o qapının arxasındakı dövlətə münasibəti göstərir. Mühafizə tədbiri təhlükənin qarşısını ala bilər. Etimadı qorumaq üçün siyasi aydınlıq lazımdır.
“Bir millət, iki dövlət” ifadəsinin mənəvi gücü də məhz qarşılıqlı etimaddan gəlir. Bu sözləri eşidən Azərbaycan cəmiyyəti öz dövlətinə, onun təsisatlarına və seçimlərinə hörmət gözləyir. Həmin gözləntini həddindən artıq tələb kimi təqdim etmək mümkün deyil. Səsləndirilən yaxınlığın təbii nəticəsi budur.
Burada Türkiyə xalqı ilə konkret siyasi dairələrin davranışı arasındakı fərq də qorunmalıdır. İki xalqın münasibətlərini ayrı-ayrı təşkilatların ritorikasına bağlamaq, siyasi narazılığı bütöv bir cəmiyyətə yönəltmək həmin təşkilatların təsirini olduğundan artıq göstərər. Tənqidin ünvanı dəqiqdir: siyasi məsuliyyət daşıyanlar, mövqe bildirmək imkanına malik olanlar və bəyanatlarının arxasında dayanması gözlənilənlər.
Azərbaycan–Türkiyə münasibətlərini qorumaq naminə narahatlıqlar açıq deyilməlidir. Etimad susmaqla öz-özünə bərpa olunmur. Cavabsız qalan suallar zaman keçdikcə münasibətlərin içinə yerləşir, şübhəyə çevrilir. Buna yol verməmək üçün böyük diplomatik mərasimlərə ehtiyac yoxdur. Bəzən vaxtında səslənən aydın mövqe, dost ölkənin həssaslığına göstərilən diqqət uzun çıxışlardan daha təsirli olur. Türkiyə hakimiyyətindən gözlənilən də budur: Azərbaycanla bağlı xoş sözlərin siyasi davranışda qarşılığını göstərmək. Çünki qardaşlıq haqqında danışmaq seçimdir. O adı çəkəndən sonra məsuliyyətini daşımaq isə öhdəlikdir.
Ey AKP Qardaş dediyin sözünün arxasında durar.
1xeber.media