1xeber.media xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov regional inkişafın Azərbaycanın həyata keçirdiyi siyasətdə mühüm yer tutduğunu bildirib.
O, bu barədə Milli Məclisdə keçirilən “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı danışıb.
Əli Əhmədovun sözlərinə görə, regional inkişaf, idarəetmənin təkmilləşdirilməsi və yerli özünüidarəetmə məsələləri iqtisadi tərəqqinin təmin olunması, eləcə də əhalinin rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Vitse-spiker çıxışında dünyada baş verən dəyişikliklərə də diqqət çəkib. O qeyd edib ki, texnoloji keçid müasir həyatın bütün sahələrinə təsir göstərir. Azərbaycanda da rəqəmsal inkişaf, robotlaşma və süni intellektin tətbiqi genişlənir.
Əli Əhmədov vurğulayıb ki, texnoloji dəyişikliklər insanların gələcək həyatına birbaşa təsir edəcək və bu proseslər yeni çağırışlara uyğunlaşmağı zəruri edir.
O əlavə edib ki, regional inkişaf və idarəetmənin təkmilləşdirilməsi ölkənin iqtisadi inkişafının və insanların həyat şəraitinin yaxşılaşdırılmasının əsas istiqamətlərindən biri olaraq qalır.