1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edəcək. Görüşün əsas mövzusu Ukrayna münaqişəsi olacaq.
Bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, görüş Sankt-Peterburqdakı Konstantin sarayında günün birinci yarısında keçiriləcək və bir neçə gün əvvəlcədən razılaşdırılıb.
Uşakov bildirib ki, ABŞ nümayəndə heyətinin səfərində iştirak etməsi gözlənilən Cared Kuşner səhhətində yaranan problem səbəbindən Rusiyaya gəlməkdən imtina edib. Onun Norveçdə Uitkoffun Avropa nümayəndələri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlərdə də iştirak etmədiyi qeyd olunub.
Kremlin nümayəndəsinin sözlərinə görə, danışıqlara Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də qatılacaq.
TASS-ın mənbəsi isə Kuşnerin danışıqlara onlayn formatda qoşula biləcəyini bildirib.