Вернуться назад Распечатать

2040 hektar örüş sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb

1xeber.media xəbər verir ki, 2026-cı ilin ilk 9 ayında qanunsuz torpaq ayrılması ilə bağlı bələdiyyələrin 2565 hektar ərazini əhatə edən qərarları ləğv edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, ləğv edilən qərarların 2552 hektarı torpaqların icarəyə, 13 hektarı isə mülkiyyətə verilməsi ilə bağlı olub. Həmin ərazilərin 2040 hektarını örüş sahələri təşkil edib. Bu torpaqların bələdiyyə mülkiyyətinə qaytarılması üçün müvafiq tədbirlər görülüb.

Elmin Həsənov bildirib ki, torpaqların düzgün istifadəsi və ədalətli bölüşdürülməsi kənd təsərrüfatının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

O, həmçinin torpaq icarəsi haqlarının və vergilərin düzgün hesablanmasının Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.

Bildirilib ki, nazirliyin 2026-cı il üzrə strateji hədəfləri çərçivəsində bələdiyyə torpaqlarının istifadəsi və icarəyə verilməsi ilə bağlı mövcud vəziyyət təhlil edilib. Araşdırma zamanı müəyyən çatışmazlıqlar aşkarlanıb və onların aradan qaldırılması üçün metodoloji işlərə başlanılıb.

Qeyd edək ki, müzakirələr regional inkişaf və yerli özünüidarəetmə sahəsində qarşıda duran vəzifələrə həsr olunub.