Azərbaycanda uşaqlar üçün yığım hesabları təklif olunur
Azərbaycanda uşaqların adına xüsusi yığım hesablarının yaradılması və bu hesablara dövlət tərəfindən vəsait köçürülməsi təklif edilib.
1xeber.media xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bu barədə Oxu24.com-a açıqlamasında danışıb.
Deputat bildirib ki, müxtəlif ölkələrdə tətbiq olunan bu mexanizm uşaqların gələcək təhsil, səhiyyə və mənzil ehtiyaclarının qarşılanmasına xidmət edir. Modeldən asılı olaraq, hesablara həm dövlət, həm də valideynlər vəsait yatırırlar. Aztəminatlı ailələr üçün ödənişi dövlət həyata keçirir.
Vüqar Bayramovun sözlərinə görə, uşaqlar bir sıra ölkələrdə toplanmış vəsaitdən 18 yaşları tamam olduqdan sonra müəyyən edilmiş məqsədlər üçün istifadə edə bilirlər.
Deputat oxşar mexanizmin Azərbaycanda tətbiqi ilə bağlı təkliflərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildiyini bildirib. O, xüsusilə Qazaxıstan təcrübəsinin öyrənilməsini məqsədəuyğun hesab edib.
Azərbaycanda uşaqların hesablarına aylıq ödənişlərin başlanması barədə qərar açıqlanmayıb. Söhbət hazırda təqdim olunmuş təklifdən gedir.