1xeber.media xəbər verir ki, Azərbaycanla Türkiyə arasında son günlər yaranan narazılıqlar fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın gələcək taleyi müzakirə mövzusuna çevrilib.
Gərginliyin səbəblərindən biri Saralın Azərbaycanda məktəblərdə vahid geyim forması ilə bağlı qaydaları tənqid etməsi və Bakını qərarını dəyişməyə çağırması olub. Onun açıqlamaları Azərbaycanda narazılıqla qarşılanıb.
Bundan sonra Azərbaycan Baş Prokurorluğu Türkiyədə yaşayan və fəaliyyət göstərən yeddi nəfər barəsində beynəlxalq axtarış elan edildiyini açıqlayıb. Xarici İşlər Nazirliyi isə 31 Türkiyə vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.
Baş verənlər iki ölkə arasında qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri ətrafında müzakirələri gücləndirib. Azərbaycanın mövqeyinə görə, Türkiyə ilə strateji müttəfiqlik münasibətləri ölkənin müstəqil qərarlarına hörmətlə müşayiət olunmalıdır.
Gərginlik fonunda oktyabrın 21-də Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Türkiyə lideri Əliyevi Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət edib. Hər iki prezident Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına inamını ifadə edib.