1xeber.media xəbər verir ki, Ukrayna Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları ilin sonunadək başa çatdırmalıdır. Əks halda, proses siyasi baxımdan daha mürəkkəb xarakter ala bilər.
Bu barədə Ukraynanın Avropaya inteqrasiya məsələləri üzrə vitse-baş naziri Vsevolod Çentsov Politico nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqların bu il yekunlaşdırılması məqsədəuyğundur. Çentsov qeyd edib ki, gələcəkdə Avropa İttifaqına üzv ölkələrdə keçiriləcək seçkilər Ukraynanın üzvlük prosesini çətinləşdirə bilər.
Ukraynalı rəsmi, həmçinin ölkəsinin Moldova ilə üzvlük proseslərinin bir-birindən ayrılması ehtimalından narahatlığını ifadə edib.
Avropa Komissiyasının namizəd ölkələr üçün hazırladığı yeni yol xəritəsinə əsasən, Moldova ilə üzvlük danışıqlarının 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu isə Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesinin daha uzun müddət davam etməsi ehtimalını gündəmə gətirir.
Kiyev danışıqların sürətləndirilməsini vacib hesab etsə də, üzvlük prosesi Aİ-nin müəyyən etdiyi şərtlərdən və üzv dövlətlərin siyasi qərarlarından asılıdır.