Ermənistanın Baş naziri Nikol Paşinyan azərbaycanlı çobanın yolu azaraq Ermənistan ərazisinə keçməsi ilə bağlı açıqlama verib.
1xeber.media xəbər verir ki, Paşinyan hadisə zamanı şəxsin saxlanılaraq müvafiq quruma təhvil verildiyini bildirib.
“Adamın gəldiyini görəndə atəş açmalı, onu öldürməli idilər? Onun piyada gəldiyini görüblər, saxlayıb təhvil veriblər. Onu İrəvanda “Respublika” meydanından tutmayıblar”, – deyə baş nazir vurğulayıb.
Paşinyan dünyada insanların sərhədləri keçməsinin mümkün olduğunu bildirərək, hadisə ilə bağlı sualların mahiyyətini müzakirəyə çıxarıb. O, həmçinin həmin şəxsin Azərbaycan sərhədini necə keçdiyinin niyə soruşulmadığını qeyd edib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, 19 oktyabr 2026-cı il tarixində saat 17:50 radələrində Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov Tavuş rayonunda aşkarlanıb. Yoxlama zamanı onun azaraq Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.
Qurum azərbaycanlı vətəndaşın geri qaytarılması üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.
Xatırladaq ki, Ermənistan mediası bundan əvvəl azərbaycanlı çobanın yolu azaraq ölkə ərazisinə keçməsi barədə məlumat yayıb.