Вернуться назад Распечатать

Putin Siluanovu baş nazirin müavini təyin etdi

Rusiya Prezidenti Vladimir Putin maliyyə naziri Anton Siluanovu yeni vəzifəyə təyin edib. O, baş nazirin müavini – maliyyə naziri olacaq.

1xeber.media xəbər verir ki, bununla bağlı dövlət başçısının fərmanı dərc olunub.

Baş nazir Mixail Mişustinin mətbuat katibi Boris Belyakov daha əvvəl yeni vəzifənin yaradılmasını maliyyə və büdcə sabitliyinin qorunması zərurəti ilə izah edib. Onun sözlərinə görə, xarici təzyiqlərin gücləndiyi şəraitdə maliyyə dayanıqlığının təmin edilməsi, büdcə balansının qorunması və xərclərin səmərəliliyinin artırılması xüsusi əhəmiyyət daşıyır.

Oktyabrın 19-da Mişustin hökumətdə kadr dəyişiklikləri ilə bağlı təkliflərini Putinlə müzakirə edib. Prezidentin razılığından sonra namizədlər Dövlət Dumasının təsdiqinə təqdim olunub.

Oktyabrın 21-də deputatlar hökumət sədrinin dörd müavini vəzifəsinə namizədləri dəstəkləyiblər. Onların arasında Anton Siluanovla yanaşı, maliyyə nazirinin birinci müavini İrina Okladnikova, Primorsk diyarının qubernatoru Oleq Kojemyako və nəqliyyat naziri Andrey Nikitin də olub.

Oktyabrın 22-də Putin Okladnikovanın, Kojemyakonun və Nikitinin yeni vəzifələrə təyin edilməsi ilə bağlı fərmanları da imzalayıb.