1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu ilə bağlı müxalifəti razı sala bilməyəcəkləri təqdirdə növbədənkənar parlament seçkilərinə gedə biləcəklərini bildirib.
Paşinyan yaxın vaxtlarda yeni Konstitusiya mətninin dərc olunacağını və ictimai müzakirələrə başlanacağını deyib. Onun sözlərinə görə, müzakirələrdən sonra sənəd parlamentə təqdim ediləcək və müxalifət nümayəndələri Konstitusiya dəyişikliyinin vacibliyinə inandırılmağa çalışılacaq.
Baş nazir qeyd edib ki, bu cəhdlər nəticə verməsə, alternativ ssenarilər nəzərdən keçiriləcək. Həmin variantlardan biri də növbədənkənar seçkilərin keçirilməsidir.
Paşinyan vurğulayıb ki, Ermənistan vətəndaşları qarşısında həm Konstitusiyanın dəyişdirilməsi, həm də Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı öhdəlik daşıyır. O bildirib ki, Ermənistan xalqı bu öhdəliklərin yerinə yetirilməsini istəyirsə, prosesdə birlikdə iştirak etməlidir.
Ermənistan rəhbəri Konstitusiya məsələsinin Azərbaycanla müzakirə olunmadığını, bunun ölkəsinin daxili siyasi məsələsi olduğunu söyləyib. Bununla belə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Bişkekdə keçirilən görüş zamanı bu mövzu ətrafında söhbət apardıqlarını açıqlayıb.
Baş nazirin sözlərinə görə, o, Azərbaycan tərəfinə Ermənistan Konstitusiyası ilə bağlı məsələlərin ölkənin daxili işi olduğunu bildirib. Paşinyan əlavə edib ki, Bakı da bu məsələnin Ermənistanın daxili siyasi həyatına aid olduğunu qəbul edir, lakin bununla bağlı öz siyasi mövqeyini ifadə edir.