Вернуться назад Распечатать

Şəkidə şəhid ailələri və qaziləri aldadan məmura 9 il həbs

Şəkidə şəhid ailələrini və qaziləri aldadan icra rəsmisinə ağır cəza verildi — 95 minlik dələduzluq
Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədovun məhkəmə prosesi yekunlaşıb.
1xeber.media "Teleqraf"a istinadla xəbər verir ki, 2021-2025-ci illərdə bu vəzifəni tutan məmur şəhid yaxınlarının və qazilərin etibarından sui-istifadə edərək irimiqyaslı dələduzluq əməlləri törədib.
İttiham aktına əsasən, T.Məmmədov müharibə iştirakçılarına və şəhid ailələrinə dövlət tərəfindən mənzil verilməsi, pensiyaların bərpası, veteranlıq statusunun alınması və işə düzəlmə vədləri verərək vətəndaşlardan rüşvət toplayıb. Həmçinin Çeşməli kəndində mənzil və avtomobil satışı adı ilə saxtakarlıq edib. Cinayət işi üzrə 27 nəfər zərərçəkmiş şəxs müəyyən edilib və vətəndaşlara ümumilikdə 95 min 700 manat maddi ziyan vurulub.
Məhkəmədə ifadə verən şəhid anası Sabirə Nüyvərovanın sözləri cinayətin miqyasını ortaya qoyub. Şəhid anası oğluna görə verilən 10 min manatlıq qanuni müavinəti ev almaq üçün Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubovun qəbuluna apardığını, icra başçısının bu pulu geri qaytardığını, lakin otaqdan çıxdıqdan sonra şöbə müdiri Tural Məmmədovun telefonla onunla əlaqə saxlayaraq ev vədləri ilə həmin 10 min manatı hissə-hissə mənimsədiyini bildirib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs rüşvət ittihamlarını (CM-nin 311-ci maddəsi) rədd edərək özünü yalnız dələduzluqda (CM-nin 178-ci maddəsi) qismən təqsirli bilsə də, cinayət əməlləri tam sübuta yetirilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Əlavə cəza olaraq, sabiq məmur 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib, zərərçəkmişlərin mülki iddiaları isə qismən təmin olunub.