“Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin şirkəti kimi tanınan “Azenco” ASC-dəki 3.7 milyonluq mənimsəmə işi üzrə məhkəmədə gözlənilməz dönüş yaranıb. Bakı Ağır Cinayətlər Məhkəməsi, şirkətin həbsdə olan keçmiş rəhbəri Vüqar Əliyevin prosesinin qapalı keçirilməsi barədə əvvəlki qərarını ləğv edərək məhkəmənin hamı üçün AÇIQ keçirilməsinə qərar verib.
1xeber.media Qafqazinfo-ya istinadla xəbər verir ki,hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin vəsatəti təmin edilib. Belə ki, 3 ay əvvəl prokuror işdə “kommersiya sirri” olduğunu əsas gətirərək prosesin qapalı aparılmasını tələb etmiş və məhkəmə bunu təsdiqləmişdi. Lakin Vüqar Əliyevin vəkili Nurlan Məmmədov “Azenco”nun Açıq Səhmdar Cəmiyyəti olduğunu, fəaliyyətinin onsuz da ictimaiyyətə açıq aparıldığını və iş materiallarında heç bir istintaq sirrinin qalmadığını əsas gətirərək qərarın ləğvini tələb edib. Məhkəmə vəsatəti qəbul edərək prosesi ictimaiyyətə açıb.
Məhkəmədə sensasiyalı ifadə: “Etibar Pirverdiyevin qəzəbinə tuş gəldim”
Qərar dəyişdirildikdən sonra ittihamlara cavab verən təqsirləndirilən Vüqar Əliyev özünü təqsirli bilməyib və başına gələnlərdə birbaşa şirkətin əsl sahibi, “Azərenerji” ASC-nin keçmiş rəisi Etibar Pirverdiyevi ittiham edib. Sabiq rəhbər bildirib ki, heç bir cinayət törətməyib, sadəcə olaraq Pirverdiyevin şəxsi qərəzliyinə və qəzəbinə tuş gəldiyi üçün şərlənərək həbs olunub.
Qeyd edək ki, Vüqar Əliyev 2022-2023-cü illərdə “Azenco”nun İdarə Heyətinin sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb. O, daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət işi çərçivəsində onun fərqli ünvanlarda yerləşən və ümumi dəyəri 3 milyon manatdan çox olan bir neçə evinə həbs qoyulub.
Növbəti məhkəmə prosesində “Azenco”nun hazırkı İdarə Heyətinin sədri Pərviz Hacıyev və maliyyə direktoru Azər Məmmədəliyev şahid qismində dindiriləcəklər.