İri Şəhərlərin Su Təchizatı QSC-yə icraçı direktor təyin edildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
1xeber.media xəbər verir ki, iclasda qurumun publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesi, idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.
Müşahidə Şurasının qərarı ilə Arif Fərman oğlu Mərdanov QSC-nin icraçı direktoru təyin edilib.
Arif Mərdanov 24 aprel 1970-ci ildə Bakıda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
O, “Azərsu” ASC-də rəhbər vəzifədə, SOCAR-da idarə rəisi vəzifəsində çalışıb. “Su təchizatı və tullantı suları haqqında” qanunun hazırlanmasında ekspert qrupunun üzvü olub.
Müxtəlif dövrlərdə Metropoliten İşçiləri və Səhiyyə İşçiləri həmkarlar ittifaqlarına rəhbərlik edib, TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib. Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Ailəlidir, üç övladı var