Вернуться назад Распечатать

Xalq rəssamları Mədəniyyət Nazirliyindən şikayətçidir

“Artıq 1 ildən çoxdur ki, vəd verilən rəssamların işlərini Mədəniyyət Nazirliyi almır. Halbuki qiymət qoyulub, rəy yazılıb, amma hələ də onlardan bir xəbər yoxdur. Bilirsiniz ki, rəssamların qazanc yeri ya müəllimlikdir, ya da əsərlərinin satışı. Əsəri satılmayan rəssam necə dolana bilər?! Gənc rəssam Orxan Hüseynovun iki əsəri də (“Hacı Zeynalabdin Tağıyev” və “Şuşa səma”) həmin alınmayan işlər içərisindədir. Aidiyyatı yerlərdən də yazılaraq tapşırılmışdı ki, “bu iki işə xüsusi diqqət yetirilsin”. Nazirlik deyir ki, ya büdcəmiz yoxdur, ya pulumuz azdır. Günü-günə, ayı-aya sataraq artıq il, vaxt tamam olub”.

1xeber.media xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında Xalq rəssamı Arif Hüseynov deyib.
O daha sonra iddia edib ki, Fərhad Xəlilov nazirliyə başqa bir siyahı təqdim edib:
“Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bir siyahı hazırlayıb və cənab nazirə qol çəkdirib. Həmin rəssamların işlərini alıblar. Məndə olan məlumata görə bu siyahıda onun yaxın ətrafının adı var. O düz etməyib. Gərək hər iki siyahını nazirə təqdim edərdi. Bu siyahıda ilk azərbaycanlı ali təhsilli qadın rəssam Vəcihə Səmədova və digər görkəmli rəssamların da əl işləri var. Bu işlər əslində muzeylərdə olmalıdır. Ümumiyyətlə son illər rəssamların işi demək olar ki, zəifləyib. Onlar da gözlərini buna dikiblər ki, işləri satılsın və qazanc əldə etsinlər”.
Xalq rəssamı Sirus Mirzəzadə də saytımıza açıqlamasında nazirlikdən gileylənib:
“Mənim 80 illik yubileyim idi. Bu münasibətlə sərgi keçirirdim. Fərhad Xəlilov sərgidən iş alsınlar deyə nazirə məktub yazmışdı. Mən də ortalığa 7-8 iş qoymuşdum. Onlardan da bir iş seçib muzeyə göndərmişdilər və muzey də qiymətləndirmişdi. Artıq 1 ildən çoxdur ki, bizim əsərlərimizi alan yoxdur. Əslində keçən ilin bu vaxtı əsərlərimizi almalı idilər. Dedilər ki, ilin axırı alacağıq. İlin axırı da gəldi, ikinci yarısı da gəldi keçdi. Amma onlardan bir xəbər çıxmadı. Görünür bu xəmir hələ çox su aparacaq. Sonra Fərhad Xəlilov kobud da çıxsa deyəcəm ki, 20-25 nəfər öz “adamlarını” siyahı halında nazirə təqdim etdi. Nazirliyi məcbur etdi ki, həmin siyahıdakı adamların əl işlərini alsın. Bu heç də düzgün hərəkət deyil. Heç də yaxşı iş görmədi bizə qarşı. Bizim siyahıda 20-yə yaxın rəssamın əl işləri var. Çoxu da dünyasını dəyişən rəssamlardır. Xahiş edirik ki, bu məsələ qısa zaman ərzində öz həllini tapsın”.